Türkiyə siyasətində baş verənlərdən dərs çıxartmalı məqamalar da çoxdur

Türkiyə siyasətini yaxından izləməyimizin bir çox səbəbi var – qardaş ölkədir, Azərbaycanın streteji müttəfiqidir, xarici siyasətdə koordinasiyalı fəaliyyətimiz var,Türkiyədə baş verənlərin Azərbaycana birbaşa və dolayı təsirləri olur, və s.

Türkiyə siyasətində baş verənlərdən dərs çıxartmalı məqamalar da çoxdur – Azərbaycanda illərdir belə bir fikir beyinlərə yeridilir ki, müxalifət birləşmir, ona görə də uğur qazana bilmir və bu fikir və tezis ən çox YAP-a sərf edən tezisdir, amma müxalif camiyanın özü də bu fikri tez-tez gündəmə gətirir.

Siyasətdə birlik modellərinin uğurlu olması üçün bəlli şərtlər var: 1) Siyasi birlik mütləq dəyərlər və prinsiplər üzərinə inşa edilməlidir, siyasi mövqeyi daban-dabana zidd olan partiyaların birliyi situativ və uğursuz olur, 2) Siyasi birlik mütləq LEHİNƏ olmalıdır (ideyanın, məqsədin, məramın), ƏLEHİNƏ (şəxsin, və ya siyasi partiyanın) olan birliklərin uğurlu olması çox çətindir, hətta mümkün deyil, 3) Siyasi birliklər mütləq SEÇKİDƏN, və ya hansısa siyasi prosesin bitməsindən sonra uğurlu ola bilər – seçki bitir, güc dəngələri məlum olur, xalqın, seçicinin verdiyi mandat və güclə siyasi alver (sözün yaxşı mənasında) başlayır, İTTİFAQLAR qurulur və bu birliklər, ittifaqlar qalıcı və uğurlu olur, çünki, təməlində xalqın verdiyi mandat, siyasi maraqların ölkəni idarəetmə istəyi üçün uzlaşması dayanır.

Qardaş Türkiyədə baş verənlər bir daha sübut etdi ki, ƏLEHİNƏ və SİTUATİV birliklər uğurlu model deyil, məhz ona görə də bizdə, Azərbaycanda da son 30 ildə 10-11 müxtəlif birlik modelləri olub və hamısı hüsranla nəticələnib, çünki o modellər ideya, tezis, dəyər, proqram üzərinə deyil də, ŞƏXS(lər) əlehinə olan birliklər olub. Elə birlik modellərinə nifaq salmaq da, ayrılıq yaratmaq da çox asandır, necə ki, biz bunun dəfələrlə şahidi olduq.

Millət, ona görə də kim sizə desə ki, müxalifətin uğursuzluğunun səbəbi birlik olmamasıdır, gülün-keçin, ya bilmir mövzunu, ya da elə YAP-ın maraqlarını güdür. Və ya, kim sizə desə ki, müxalifətin birliyi üçün bir tək İlham Əliyevə qarşı olmaq yetər, onu da ciddiyə almayın – qatı radikal dindar və ya qatı etnik millətçi, və ya kommunist də Əliyevə qarşı ola bilər, amma bu onlarla birlik modeli qurmaq üçün yetərli deyil, təəssüf ki, bizim bəzi siyasi partiyalar birliyi məhz belə görürlər deyə siyasi anlamda “dadsız-duzsuz salat” düzəltməklə məşğul olublar, nə dəyər, nə prinsip, nə də ideologiya öndə olmayıb, elə ona görə də uğur qazana bilməyiblər. Belə...

Natiq Cəfərli