Ulu Öndər Heydər Əliyev  ordu quruculuğunun banisidir

Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş  cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Təsadüfi deyil ki, Ulu Öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya masştabında  ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev  zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin,  mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, köklü dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri  də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu Öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix isə böyük Öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun yeganə sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti adddımlar atmaqla respublikaya olan bu münasibəti dəyişəyə  nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni işləri əsasında  insanların rifah halı daha da yaxşılaşdı.

Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı,  bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə  azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir. 

1993-cü ildə xalqın tələbi və təkidi ilə  ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanı, dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycanı növbəti fəlakətlərdən xilas etdi. Və Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əminamanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.

Hər bir arzunun arxasında əməl, səbir, məharət, siyasi bacarıq dayanır. Ulu Öndər  bizi bu Qələbəyə inandırırdı, çünki özü inanırdı. Onun hər bir çıxışı hər birimizdə inam yaradırdı. Bütün həyatını erməni millətçiləri və separatçıları ilə mübarizəyə həsr edən dahi siyasətçi, qəti şəkildə bildirirdi ki, “Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik”. O, çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinə zidd olan ölkələr, qüvvələr, cəmiyyətlər var və onlar işğalçını müdafiə edir. O deyirdi ki, “Dünya da görür ki, Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki, Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır - bu asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var”. Biz hər zaman bu iki standartlarla rastlaşırıq. Ancaq heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqırımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi — Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz”! O, hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”.
 Birinci Qarabağ müharibəsi zamanı  cəsur, igid hərbiçilərimiz olsa da, vahid onda idarəetməsi, nizam-intizam, güclü iqtidar yox idi. Ölkədə yaranmış xaos, anarxiya vəziyyətində  nizami ordudan söhbət belə gedə bilməzdi. Lakin Ulu Öndər  yenidən hakimiyyətə qayitdıqdan sonra digər sahələrdə olduğu kimi ordu quruculuğu islahatlarına başlanıldı.1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda  qeyd etdiyi kimi “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı Ümummilli Liderimiz Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini misal çəkir, Azərbaycan əsgərinin məhz Türki əsgərinə bənzəməsini xüsusi ilə vurğulayırdı: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. “Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur.”  

Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, “ Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. 2016-cı il Aprel döyüşləri Böyük və Tarixi Qələbənin başlanğıcı oldu. Qısa zamanda (dəqiqələr ərzində)  mifə çevrilmiş Ohanyan səddi dağıdıldı, strateji yüksəkliklər azad edildi.  44 günlük Vətən Müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı isə yeni reallığın əsasına çevrildi. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Ulu Öndərin bu sözlərini təkrarlayaraq, əmr verdi: “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli”!  Rəşadətli Ordumuz öz canları, qanları hesabına Vətəni erməni işğalından azad etdi, Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Biz fəxr edirik ki, Vətən yolunda, doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması üçün özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır! Allah bütün qazılərimizə şəfa versin!

Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında bildirirdi ki, “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır”. Vətən müharibəsi bu fikri bir daha sübut etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbə, 44 gündə keçirilmiş hərbi əməliyyatlar Ordumuzun qüdrəti ilə yanaşı ölkəmizin də gücünü bütün dünyaya göstərdi. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova