Ulu Öndər Heydər Əliyev xilaskar dövlət xadimi kimi əbədi olaraq xalqımızın yaddaşındadır

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın  ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyev mənalı bir ömür yaşadı. Qısa zaman kəsiyində Ulu Öndər xalqını əsrlər boyu yolunda çarpışdığı arzusuna, ali məqama, müstəqilliyə qovuşdurdu. Dünya xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Ulu Öndərin əziz xatirəsi tariximizə və xalqımızın yaddaşına əbədi həkk edilib. Hər ötən gün dahi şəxsiyyətin siyasi həyat yolunun, fəaliyyətinin, ideyalarının, bitib-tükənməyən irsinin dəyərini, əzəmətini daha aydın görürük. Azərbaycan dövlətinin hər bir uğuru uzaqgörən siyasi xadimin, xalqının parlaq gələcəyi naminə misilsiz xidmətləri olan böyük şəxsiyyətin yorulmaz fəaliyyəti ilə bağlıdır. Tariximizin ən yüksək zirvəsinə ucalan Ulu Öndər Heydər Əliyevin yaşadığı ömür Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tarixini özündə əks etdirir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Ulu Öndər rəhbərlik etdiyi dövrlərdə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başladığı elə ilk günlərdən respublikanın inkişaf prosesləri başlayıb. Ulu Öndər Heydər Əliyevin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verib. Həmin zamanlarda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdı. Məhz həmin il sosial-iqtisadi və mədəni inkişafda dönüş ili olmuşdur. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilmişdi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi böhran ən yüksək həddə çatdığı bir vaxtda da ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almağı bacaran yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub.Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Ulu Öndər Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, onun ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur. Məhz belə mürəkkəb bir vəziyyətdə, siyasi anarxiyanın, xaosun hökm sürdüyü, digər tərəfdən erməni işğalının davam etdiyi şəraitdə,1993-cü ilin yayında Ulu Öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Lakin müstəqillik dövrünün qısa tarixi Ümummilli Lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”. Bu illər ərzində Azərbaycanın keçdiyi yolun təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya o dövrdə möhkəm iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın böyük dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs başçılıq edə bilərdi və belə də oldu. 15 iyun 1993-cü il tarixə Milli Qurtuluş günü kimi daxil oldu. Həmin gün müdrik siyasətçinin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı baş verdi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu. Azərbaycanı bütün dünyaya tanıdan görkəmli siyasətçi, türk dünyasının böyük oğlu Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanması naminə göstərdiyi xidmətlər sayəsində ölkəmiz fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi. Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. 1994-cü ilin may ayında atəşkəs imzalandı və Ermənistanın aktiv hərbi təcavüzünün  qarşısı alındı. Ölkədə silahlı qüvvələrin qarşısı alınaraq cəmiyyətin inkişafı dinc, demokratik yola yönəldildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qoruyub saxlaya bildi. İflic vəziyyətinə düşmüş dövlət aparatı yenidən işləməyə başladı. Azərbaycan xalqının milli qüruru özünə qaytarıldı. Xalqın millət, torpaq, Vətən və bayraq sevgisi bərpa olundu. Məhz, bu böyük şəxsiyyətin gərgin əməyi, apardığı danışıqlar nəticəsində “Əsrin müqaviləsi” adlandırılan nəhəng saziş imzalandı. “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. Ümummilli Lider Heydər Əliyev ölkənin üzləşdiyi bir-birindən ağır problemlərin həll edilməsində, milli müstəqilliyin möhkəmləndirilməsində və dönməzliyin təmin edilməsində, müasir cəmiyyət quruculuğu işində etibarlı siyasi dayaq oldu. Son dərəcə qısa zaman kəsiyində Azərbaycan cəmiyyəti əsrə bərabər inkişaf yolu keçmiş oldu. 1993-2003-cü illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Cəmiyyət həyatının bütün sahələrində aparılan köklü islahatlar Azərbaycanın simasını dəyişdirdi. 1995-ci ildə ümumxalq referendum yolu ilə qəbul edilmiş ilk konstitusiyamız dəqiq hakimiyyət bölgüsünü təsbit etdi, vətəndaş cəmiyyətinin hüquqi bazasını yaratdı. Demokratik, azad seçkilər yolu ilə icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin formalaşdırılması, milli dövlətçiliyin inkişafı, müasir dövlət quruculuğu prosesinin təməlini qoydu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı şəkildə qorunması sivil cəmiyyətin formalaşmasına təkan verdi. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil.

Böyük iftixar hissi ilə bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə 2020-ci ildə Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Bütün bu möhtəşəm uğurlar isə məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirən, ideyalarının gerçəkləşməsini layiqincə təmin edən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan bundan sonra da böyük inkişaf yolu keçəcək, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcəkdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri