Ulu Öndərin uzaqgörən siyasətinin parlaq təzahürü

 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası inkişafının yeni mərhələsindədir

 Bu il Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının otuz illiyidir. Bu 30 ildə çox mənalı və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası görülmüş işlər və aparılan islahatlar sayəsində regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilib. Partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 7 430 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 773 770 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. 2021-ci ilin martın 5-də YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən edib. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilib. 2021-ci ildə YAP-ın Proqramı qəbul olunub. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda çıxışında deyib: “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ulu Öndər bu missiyanı layiqli şəkildə yerinə yetirməklə yanaşı, milli düşüncəli insanların həmrəyliyi, siyasi birliyin əldə olunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında xüsusi rol oynaya bilən YAP-ın yaranmasını zəruri bilib. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb.

Ölkədə gənclərin ictimai-siyasi işlərə cəlb olunması Yeni Azərbaycan Partiyasının ideoloji ana xəttini təşkil edir. Bu baxımdan YAP Mərkəzi Aparatı tərəfindən də böyük işlər görülür və gənclərin fəaliyyətinə diqqət günü-gündən artırılır. Regionlarda partiyanın gənclərdən ibarət çoxlu ərazi ilk partiya təşkilatları fəaliyyət göstərir. Bu gün gənclərin partiyaya axını çox olması diqqət çəkir. Partiyaya gənclərin axını gənclər təşkilatlarının işindən irəli gəlir. Gənclər Ümummilli Lider Heydər Əliyevin siyasətinə uyğun olaraq öz işlərini aparırlar. Əksər tədbirlərdə gənclər fəal iştirak edirlər. Bu ondan irəli gəlir ki, gənclərlə işi çox yüksək səviyyədə qurulub və gənclər YAP-a inanırlar. Gənclərlə işi o səviyyədə qurulub ki, bütün seçkilərdə onlar yaxından iştirak edirlər. 

YAP hər il öz yarandığı günü qeyd edir. Bu münasibətlə paytaxtda və ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. Artıq oktyabr ayının ilk günlərindən ölkədə fəaliyyət göstərən mərkəzi və ərazi ilk partiya təşkilatlarında müxtəlif səpkili tədbirlər təşkil edilir. Bunlardan biri olaraq Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş şahmat turnirini qeyd etmək olar. Həmçinin noyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə YAP-ın təsis olunmasının 30 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Ayrıca bütün rayonlarda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə konfranslar  keçirilir. Bu konfranslarda Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir, YAP-ın müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirən 30 illik şərəfli missiyandan danışılır. Bütün bunlar bir daha göstərir ki, YAP ötən 30 il ərzində ümumxalq partiyasına çevrilib.

Ulu öndərin uzaqgörən siyasətini Prezident İlham Əliyev yüksək səviyyədə və uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya inkişafının yeni mərhələsindədir. Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasət sayəsində iqtisadiyyatımız sürətlə inkişaf edir. Bu gün ölkəmiz beynəlxalq aləmdə yüksək nüfuza malikdir. Hazırda respublikamız region dövlətləri arasında çox fərqlənən dövlətə çevrilib. Ali Baş Komandanın diplomatik qətiyyəti və Milli Ordumuzun şücaəti ilə Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanıb. Bu uğurlar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və güclü dövlət quruculuğu strategiyasının parlaq təzahürüdür.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent