ÜST-dən qızılca ilə bağlı çağırış: Ölüm halları...

Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə nümayənədlik X hesabında paylaşım edib.

Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18%, ölüm hallarının sayı isə 43% artıb:

"Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95%-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər".

ÜST-ün Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir:

"2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir".

Qeyd olunub ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.