Vaxtı aldadan partiya sədri

O, Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri olub. Mais İsmayıl oğlu Səfərli 1958-ci il mayın 23-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatına qoşulan Mais Səfərli ictimai-siyasi fəaliyyətilə tanınıb, 1993-cü  ildə isə Yurddaş Partiyasını yaradıb. Bu siyasi partiya 1993-cü il martın 12-də dövlət qeydiyyatına alınıb. Mais Səfərli 1993-cü ildən 2020-ci ilin sonunadək Yurddaş Partiyasına sədrlik edib.
 2001-ci il yanvarın 7-də 9 saylı Xətai birinci seçki dairəsindən İkinci çağırış Milli Məclisə deputat seçilib. O, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub. Mais Səfərli ilk dəfə Azərbaycanda ingilis dilində nəşr olunan "Baku Times” adlı qəzetin baş redaktoru olub. Milli Məclisin üzvü seçiləndə 42 yaşında idi.

O, 2020-ci il fevral ayının 9-da keçirilən növbədənkənar parlament seçkilərinda də iştirak etmək qərarı vermişdi. Hətta 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd kimi qeydiyyata da alınmışdı. Amma seçkilərə az qalmış namizədliyini geri götürmüşdü.
Partiya sədri qərarını bununla əsaslandırmışdı ki, Milli Məclisdə daha çox gənclərin təmsil olunmasını istədiyindən belə addım atıb.  “Hesab edirəm ki, Milli Məclisdə yaşlı insanlar da olmalıdır. Onların da təcrübəsinə, məsləhətlərinə böyük ehtiyac var. Amma bununla yanaşı, yeni baxışların, yeni fikirlərin parlamentə gətirilməsi prioritet olmalıdır. Ölkə başçısı da kadr siyasətində gənclərin bilik və təcrübələrinə üstünlük verir. Biz də bu kadr islahatlarını dəstəkləməliyik. Gənclərin üstünlük təşkil etməsi Milli Məclisdə yaşlı deputatların olmaması anlamına gəlmir. Amma əvvəlki çağırış parlamentin özünü buraxmış yaşlı deputatlarının yenidən seçkilərə üz tutmasını məqbul hesab etmirəm. Baxmayaraq ki, mən özüm də o qədər yaşlı deyiləm. Amma düşünürəm ki, parlament yenilənməli, gəncləşməlidir. Bu baxımdan, mən mübarizəni dayandırmağa qərar verdim. Uzun illər Milli Məclisdə oturmuş, artıq pensiya yaşında olan deputatlar da, belə addımlar atsalar, daha məqsədəuyğun olar”, - deyə M.Səfərli o zaman Modern.az-a açıqlamasında bildirmişdi. Mais Səfərlinin həyatdan belə tez köçəcəyini yəqin ki, heç kim gözləmirdi. Çünki 2020-ci iln dekabrında koronavirus səbəbiylə vəfat etməsi barədə xəbər yayılanda ilkin reaksiyalar onu tanıyan hamının təəccübləndiyini göstərirdi.  Mais Səfərli bəşəriyyəti cənginə alan koronavirusla bağlı KİV-də tez-tez çıxışlar edir,  müsahibələr verirdi. “Mən insanları diqqətli olmağa çağırır, dövlətin tətbiq etdiyi bütün şərtlərə əməl etməyi xahiş edirəm. Bizim hər birimizin məsuliyyətsizliyimizi təkcə özümüzün deyil, bütün yaxınlarımızın, doğmalarımızın həyatını təhlükəyə ata bilər", - bu onun ötən il mətbuata verdiyi sonuncu açıqlamalarının biri idi. İnsanları COVID-19-a qarşı ehtiyatlı olmağa çağıran sabiq deputatın ağlına da gəlməzdi ki, elə məhz özü bu bəlanın qurbanı olacaq. Yurddaş-ın 1 mart 2021 tarixində keçirilən qurultayında onun hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi barədə qərar verildi. Yurddaş rəhbərliyi bunu onunla əsaslandırdı ki, “27 il işğalda qalan torpaqlarımızı bizə qaytaran, düşməni məğlub edən liderin sədr olduğu partiyaya birləşməyin, bundan sonra ona daha yaxından dəstək olmağın zamanıdır”. Və YAP-ın 5 mart 2021 tarixli növbədənkənar VII qurultayında Yurddaş hakim partiyaya birləşdi. Beləcə, Mais Səfərlinin özü kimi, partiyası da siyasi səhnədən əriyib getdi. Mais Səfərlinin tələbə yoldaşı olmuş yazıçı-publisist Nurəddin Ədiloğlu onunla bağlı xatirələrində bildirir:  “Onun vaxtsız ölümü barədə qəfil xəbəri eşidəndə bir anlıq  42 il əvvələ qayıtdım, tələbəlik illəri kinolenti kimi gözlərimin önündən keçdi... Mais ilk gündən fəallığına və natiqlik məharətinə görə hamımızdan seçilirdi. Çox zövqlə geyinirdi. Özü də Nərimanov rayon partiya komitəsinin təşkilat şöbəsində çalışırdı. Belə bir müdrik kəlam var: "İnsanın xarakteri onun taleyini müəyyənləşdirir”. Jurnalistika fakültəsində təhsil aldığımız vaxtlar Maisin xarakteri haqqında ilk təəssüratım təqribən belə idi: "Ağayana görünüşü olsa da, sifətində dövrün partiya işçilərinə xas olan sərt ifadə var. Bir az da qaraqabaqdı, adətən, yazıçılar belə adamların bədii portretini yaradanda "adamayovuşmaz” ifadəsini işlədirlər...”

Amma düz deyirmişlər, ilk təəssürat çox vaxt aldadıcı olurmuş. Mənim də, tələbə yoldaşım haqqında ilk təəssüratım çox çəkmədi ki, heçə-puça çıxdı. 42 yaşında deputat seçiləndən sonra siyasi səhnədə daha da çox tanındı...

...Bir dəfə İçərişəhər metrosunun qarşısındakı küçədən ötüb-keçəndə məni görcək maşınını saxlatdırdı. Pəhlivan cüssəli bir nəfərlə mənə yaxınlaşanda Mais ona "tələbə yoldaşımdır, qayıt maşında otur!” dedi. Fəhmlə başa düşdüm ki, bu adam onun şəxsi mühafizəçisidir. O gün Mais mehribancasına keçmiş tələbə yoldaşlarımizdan kimlərlə yaxın əlaqə saxladığımı soruşdu. Ordan-burdan söhbət edib xudafizləşdik. Sonra dəfələrlə görüşdük. Həmişə görüşəndə çöhrəsindən təbəssüm əskik olmayan Mais tələbə yoldaşlarımzla görüş təşkil etməyi təklif etdi. ...Deyir, həyat beşiklə məzar arasındakı sınaq müddətidir. Bizim 80-ci illərin nəsli son 30 ildə çox sınaqlara məruz qaldı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, dövlət çevrilişi, Gəncə qiyamı, müharibə, pandemiya... Son vaxtlar "Görünən daga bələdçi lazım deyil. Gəlin, özümüzün, doğmalarımızın, əzizlərimizin, sevdiklərimizin, xalqımızın sağlamlığını, genefondumuzu qoruyaq!.. Qayda və tövsiyələrə əməl etmək təkcə borcumuz deyil, həm də bizi xilas edən yoldur...”

...Həyat nə qəribədir. Koronavirusa yoluxmuş və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən tələbə yoldaşımın çox çəkmədi ki, ölüm sorağını eşitdim. Beşiyi Qubadlı rayonunda yırğalanan Maisin ən böyük arzularından biri iğaldan azad olunmuş doğma ata-baba yurdunu görmək idi...