Vətənpərvərliyin və milli təəssübkeşliyin göstəricisi

Artıq bir neçə gündür ki, qeyri-hökumət təşkilatlarının fəallarının, gənclərin və ekoloqların iştirakı ilə mülki vətəndaşlarımızın Laçın-Şuşa yolunda keçirdiyi etiraz aksiyası davam edir. Bu aksiya ilk növbədə onu göstərir ki, Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdəki təbii sərvətlərimizin talan olunmasına, məqsədyönlü şəkildə ekologiyamızın çirkləndirilməsinə heç vaxt biganə qalmayacaq. Eyni zamanda bu etiraz aksiyası bir daha vətəndaşlarımızın vətənpərvərliyini, yurd sevgisini təcəssüm etdirən mühüm ictimai hadisədir.

Rusiya sülhməramlılarının funksiyası Vətən müharibəsindəki reallıqlardan irəli gələrək Qarabağ iqtisadi rayonunda sülhü təşviq etmək, sabitliyi qorumaqdır. Lakin ötən iki ildən artıq dövrün mənzərəsi göstərir ki, bu ərazidə sülh və sabitlikdən söhbət belə gedə bilməz. Bu ilk növbədə özünü həmin ərazilərdə qanunsuz erməni silahlı dəstələrinin qalmasında özünü göstərir. Məlum olduğu kimi, 10 noyabr üçtərəfli Bəyanatına əsasən, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə baş verməli idi. Lakin təəssüflə qeyd etməliyik ki, qanunsuz erməni silahlı dəstələri hələ də ərazilərimizdədirlər. Üstəlik,  silahlı dəstələr tərəfindən Azərbaycan Ordusunun mövqeləri demək olar ki, hər gün atəşə tutulur. Elə bu faktın özü göstərir ki, 10 noyabr Bəyanatının 4-cü bəndinin tələbi icra olunmur.

Bununla paralel olaraq Ermənistandan Qarabağa silah-sursat daşınması da böyük narahatlıq doğurur. Azərbaycanın sülh üçün çalışmasına, bu istiqamətdə vacib təşəbbüs və təkliflərlə çıxış etməsinə rəğmən Qarabağa silah-sursat daşınması əlbəttə ki,  Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə kölgə salır. Həmin silah-sursat isə sülhməramlıların qurduqları postlardan keçirməklə aparılır. İrandan gələn və silah-sursat daşıdığı şübhə doğurmayan yük maşınlarının da Qarabağa buraxılmaları sülh prosesini ciddi şəkildə zədələyir. Beləliklə, 10 noyabr Bəyanatının  6-cı bəndinə zidd olaraq ermənilər Laçın yolundan hərbi təxribatlar məqsədilə istifadə edirlər.

Vətən müharibəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən sonra təbii sərvətlərimiz, təbiətimiz də işğalçılardan xilas edildi. Düzdür, vəhşi qəbilə təfəkkürlü ermənilərin kəsdikləri çinarların bərpası üçün uzun illər lazım olacaq, lakin Azərbaycan dövlətinin quruculuq əzmi göstərir ki, təbiətimizə vurulan yaralar da tezliklə sağalacaq. 

Ermənistan və separatçı rejim tərəfindən Qarabağ iqtisadi rayonunda Azərbaycanın təbii sərvətlərinin talan olunması, ekologiyamızın məhvi davam edir. Xüsusən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqları ilə bağlı vəziyyət dərin narahatlıq doğurur. Bununla əlaqədar olaraq Azərbaycanın dövlət qurumlarının həmin faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı monitorinq keçirmələri ermənilərin təxribatı nəticəsində baş tutmayıb. Həmin təxribatçıların arxasından separatçı rejimin əli dinc azərbaycanlıların qanına bulaşmış cinayətkarlarla yanaşı, R.Vardanyanın da çıxması isə göstərir ki, bu adam Qarabağa sırf pozuculuq fəaliyyəti, sülh prosesinə əngəllər yaratmaq üçün göndərilib.

Laçın-Şuşa yolunda aksiya keçirən  vətəndaşlarımız məhz bu kimi hallara qarşı etiraz edirlər. Aksiya fasiləsiz davam edir. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi və Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması ilə bağlı ədalətli tələblərə dəstək olaraq ölkənin müxtəlif bölgələrindən getdikcə daha çox insan Şuşaya gəlir. Bu aksiya xalqımızın öz hüquqlarına və dövlətimizin milli sərvətlərinə olan həssas münasibətinin göstəricisidir. Əvvəldə də qeyd etdiyim kimi bu aksiya Azərbaycan vətəndaşlarının vətənpərvərliyindən, milli təəssübkeşliyindən, dövlətimizin mənafeləri uğrunda hər zaman mücadiləyə hazır olmalarından xəbər verir. 
Odur ki, bu aksiyada iştirak edən hər bir vətəndaşımız ən yüksək alqışlara layiqdir. Onlar öz etirazları ilə xalqımızın böyüklüyünü, millətimizə olan haqsızlığa dözməyəcəklərini nümayiş etdirirlər. Eyni zamanda aksiyanın geridə qalan hər günü vətəndaşlarımızın əzmkar və iradəli olduqlarını göstərir. Çünki onlar müharibədə qalib gəlmiş bir xalqın nümayəndələridir və onların cənab Prezident İlham Əliyev kimi qətiyyətli rəhbəri var.

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı