Xaçmaz Tarix Diyarşünaslıq muzeyində tədbir

Kimsəsiz Uşaqların Sosial Müdafiəsi”  İctimai Birliyinin təşkilatçılığı,  Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür! ” adlı layihə çərçivəsində Xaçmaz rayonu Tarix Diyarşünaslıq muzeyində ailə dəyərləri mövzusunda tədbir  keçirildi.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Tariyel Didarov, Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, müxtəlif dövlət qurumundan nümayəndələr, orta məktəb müəllimləri, gənclər və 44 günlük Vətən müharibəsi qaziləri iştirak etdilər.
Təşkilatın sədri və layihə rəhbəri  Lamiyə İsazadə tədbirdə çıxış edərək layihənin donoru və məqsədi haqqında iştirakçıları məlumatlandırdı. Gənclərimizin milli-mənəvi dəyərlərimizlə tərbiyə olunması, milli dəyərlərə bağlılıq, böyüklərə hörməti və digər milli dəyərlimizi nəzərdə tutan bu layihə əsasən gənclərimizi maaarifləndirmək məqsədilə həyata keçirildiyini təşkilat sədri diqqətə çatdırdı.
L.İsazadə onu da qeyd etdi ki:  “Sağlam ailə sağlam cəmiyyət deməkdir. Dövlətin əsasını sağlam ailələr təşkil edir. Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Ailə sevgi üzərində qurulmalıdır, fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır, nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni səviyyələri üst-üstə düşməli, sosial statusları, iqtisadi durumları uyğun olmalıdır.”
Tədbirə moderatorluğu əməkdar jurnalist, bayraqdar.info saytının baş redaktoru Azər Həsrət edirdi. O, tədbirdə çıxış edərək ailə dəyərləri haqqında fikirlərini ətraflı izah edərək auditoriyaya çatdırdı. O, qeyd etdi ki: “Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Kiçik dövlət sayılan ailə insanlar arasında ilkin ictimai formadır, millətin gələcək fərdləri orada böyüyür, ilk sosiallaşma və davranış qaydaları da ailədən başlayır. Normal cəmiyyəti normal ailələrdə tərbiyə olunan uşaqlar formalaşdırır.”
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Tariyel Didarov da ailə dəyərləri mövzusunda öz dəyərli fikirlərini səsləndirdi.  Xaçmaz rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva da çıxışında tədbirdə iştirak edən gənclərə ailə dəyərləri haqqında öz töhfələrini verdi.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsi iştirakçıları polkovnik-leytenant Fərzəliyev Abgül Əbilfərz oğlu, kapitan Qədirov Niyaməddin Nadir oğlu, mayor Balabəyov Taleh Asif oğlu “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi”  İB-nin Fəxri Diplomu ilə təltif edildilər. 
Üç aylıq layihə çərçivəsində keçirilən  “ailə dəyərləri” mövzusundakı tədbirlər regionun  Bakı, Xaçmaz və Tərtər bölgələrini əhatə edir.