Xalqımızın həmişə güvəndiyi lider

2018-ci ilin 11 aprel tarixində Azərbaycanda keçirilmiş Prezident seçkiləri dövlətin və xalqın milli mənafeləri baxımından böyük əhəmiyyətə malik idi. Xalqın həmin gün yekdilliklə növbəti dəfə etimad göstərdiyi Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb və qəbul etdirib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında demişdir: «Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.»

Dövlət başçımızın bu sözləri dediyi dövrdən  4 il keçir. Lakin biz hamımız, bütün Azərbaycan artıq möhtəşəm qələbələrin canlı şahidləriyik. Təsadüfi deyil ki, 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib. 

Birmənalı olaraq demək lazımdır ki, Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan, bütün məqamlarda ulu öndərin ən etibarlı silahdaşı kimi çıxış edən cənab İlham Əliyevə xalqın etimad göstərməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən, tarixi baxımdan isə həm də zəruri idi. Çünki 2003-2018-ci illər Azərbaycanın tarixinə ölkənin dinamik inkişafının mühüm mərhələsi kimi daxil olub. Bu illər ərzində bütün Azərbaycan, o cümlədən ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, mühüm istiqamətlər üzrə konkret proqramlar uğurla icra edilmişdir. Həmin dövrdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulduğunun daha bir nümayişi oldu. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirildi. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə 2003-2018-ci illərdə yüksək nəticələr əldə olunmuşdu. 

On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Məhz o dövrdə ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulmuşdu. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyəyə düşmüş, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil etmişdi. Həmin illər ərzində ölkədə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşmüş, işsizlik 5 faiz səviyyəsində müəyyənləşmişdi. Əlbəttə ki, bütün bunlar da 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələrinə bilavasitə təsir edən amillər idi.

Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri