Xalqın gələcəyinə Ulu Öndər qayğısı

Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvədir. Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri də məhz sağlam gənclikdir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması çox önəmlidir.Hər bir xalqın gəncləri onun həm bu günü, həm də sabaha ümididir.

“Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə xalq üçün faydalı olsun.” Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla bir çox şəhərlərin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. 1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər keçmiş SSRİ-nin aparıcı təhsil müəssisələrində təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər.

Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

“Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” Bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır. Onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debat, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini - musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur. İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır. Çünki Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha – yeni uğurlara imza atmağa daha yaxındır.

“Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”. Bu gün gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirməkdədir. Vətən müharibəsi və ona qədərki döyüşlərdə Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə güclü Azərbaycan Ordusunun əsgər və zabitləri işğal altında olan torpaqlarımızı azad etdilər. Bu yolda son damla qanına kimi vuruşaraq şəhidliyə yüksəldilər. Bu bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik duyğuları yüksəkdir və bu gün bütün Azərbaycan xalqı, o cümlədən gənclər Ali Baş Komandanımızın çağırışına hər zaman hazırdır və istənilən vaxt Vətənin müdafiəsinə qalxa biləcək qətiyyətdədirlər.

Əminə Ağzadə,

Millət vəkili