XİN: “Azərbaycan liderlərin Brüssel görüşünə razılıq verib”

“Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.

“Eyni zamanda, Kişineuda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi, öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişineuda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatı barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişineu görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil”, - XİN-dən bildirilib.