Xızıda narazı şəhid ailələrinin problemi həll olunub?- AÇIQLAMA

Ötən ay Xızı Rayon İcra Hakimiyyətinə qəbula gələn şəhid ataları ilə icra başçısı arasında mübahisə yaranması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı.  Yayılmış məlumatda şəhid ataları Xızının icra başçısı Xəzər Aslanovdan narazılıq edirdilər. Bildirilirdi ki, icra başçısı onunla görüşmək istəyən şəhid atalarını qəbul etməyib. Bundan əlavə, şəhid yaxınları icra başçısının onlarla maraqlanmamasından şikayətlənirdilər. 

Məsələni dəqiqləşdirmək üçün Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən verilən məlumata görə, şəhid Alik İsayevin qardaşı Cahangir İsayev artıq Rayon İcra Hakimiyyətində müvafiq işlə təmin olunub. Eyni zamanda 6 nəfər ali təhsilli müharibə iştirakçısının məşğulluq problemi həll olunub. 

P.S. Onu da qeyd edək ki, rayon icra hakimiyyətinin rəsmi saytı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, saytın son yenilənməsi 03.06.2022-ci ildə həyata keçirilib. Bu isə onu deməyə əsas verir ki, ya saytın yenilənməsi prosesi ləng gedir ya da rayonda səyyar görüşlər, vətəndaş qəbulları həyata keçirilmir...