“Xocalı soyqırımı heç zaman xalqımızın yaddaşından silinməyəcək”

Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyulması siyasi baxımdan mühüm hadisədir. Bunu YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Bu qanlı tarix mahiyyət etibarilə insanlıq əleyhinə törədilmiş ən qəddar cinayətdir. Ermənilərin “Böyük Ermənistan” kimi təfəkürünün tərkib hissəsi olan bu qanlı soyqırım zamanı şəhər yerlə yeksan olunmuş, insanlar kütləvi şəkildə öldürülmüş, bir çox Xocalı sakini itkin düşmüş və bu günə qədər onlardan xəbər belə yoxdur”.
 

M.Səfərli onu da deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizin daha da güclənməsinə gətirib çıxarıb: “Hər il dövlət büdcəsində hərbi xərclərə daha çox vəsait ayrılır. Bunun da məntiqi nəticəsi olaraq ordumuz ən müasir silahlarla təmin olunub. Bu 44 günlük müharibədə özünü daha qabarıq şəkildə göstərdi. Dünya hərb tarixinə düşəcək 44 günlük Vətən Müharibəsində ən müasir silahlardan istifadə Qələbədə bazis rolunu oynadı. Təbii burada xalq-iqtidar birliyini, qardaş dəstəyini də qeyd etmək lazımdır. Bütün bunların fonunda bu gün Xocalı rayonunun düşməndən azad olması və yaxın zamanlarda xocalıların öz doğma yurd-yuvalarına qayıdış proqramının həyata keçirilməsi qətiyyətin nəticəsidir”.
 

M.Səfərli onu da bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində davamlı və ciddi səylər göstərilir: “Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Ölkəmizdə son illər Xocalı soyqırımının bütün dünya miqyasında tanınması üçün geniş ideoloji işlər aparılır. Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması birbaşa dövlətimizin başçısı İlham Əliyevin tapşırıqları və nəzarəti altında həyata keçirilir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Görülən tədbirlərin nəticəsi olaraq artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları tərəfindən tanınıb”.