Xocalı soyqırımını heç vaxt unutmayacağıq

Xocalı soyqırımı tariximizin ən dəhşətli səhifələrindən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətmişdir. Həmin vaxt Xocalıda hərbi texnikanın, hərbi quluqçuların olmaması təsdiq edir ki, bu hücumun məqsədi əhalini məhv etmək, etnik təmizləmə aparmaq idi. Hücum vaxtı şəhəri tərk etməyə çalışan insanlar ermənilər tərəfindən atəşə tutularaq qətlə yetirilmiş, onların bir qismi isə əsir götürülmüşdür. Əsirlərin bəzilərinin sonrakı taleyi bu günə qədər açıqlanmamışdır. BMT Baş Assambleyasının qəbul etdiyi  “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya başda olmaqla, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu,  Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya və Ruanda üzrə Nizamnamələri və digər mühüm beynəlxalq sənədlərdə soyqırım cinayəti pislənilir və bu cinayətin yolverilməz olduğu bəyan edilir. 

Xocalıda sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli, qanlı və qəddar beynəlxalq cinayətlərdən biri olan soyqırım cinayətinin törədilməsi bütün bəşəriyyətə qarşı cinayətdir. Həmin gün erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmişdir. Xilas olmağa can atan, əli silahsız, düşmənə müqavimət göstərmək iqtidarında olmayan, hərbi statusu olmayan mülki əhalinin, qadınların, körpələrin, yaşlı insanların amansızlıqla qətlə yetirilməsi bu cinayətlərin soyqırım niyyətini sübut edir, məhz azərbaycanlı milli mənsubiyyətinə yönəlmiş olduğunu təsdiq edir. Qeyd etdiyimiz beynəlxalq sənədlərə əsasən Xocalı faciəsi soyqırım beynəlxalq cinayətinin bütün əlamətlərinə uyğun gəlir. Azərbaycan xalqının üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş Holokost, Oradur, Lidisa kimi qanlı hadisələrlə müqayisə oluna bilər. 
Dünyanın gözü qarşısında baş vermiş, video lentlərlə, foto şəkillərlə, hadisənin şahidi olmuş yerli və xarici jurnalistlərin şahidliyi ilə təsdiq olunmuş bu qanlı cinayəti inkar etmək mümkün deyil. Lakin təəssüflər olsun ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də Xocalı soyqırımını inkar edir. 

Azərbaycan xalqı isə Xocalı faciəsini unutmur və heç vaxt unutmayacaq. Xocalı soyqırımına ilk hüquqi qiymət verən Ulu Öndərimiz Heydər Əliyev başda olmaqla, Azərbaycan dövləti, xalqı, cənab Prezidentimiz, xaricdə yaşayan azərbaycanlılar, bütün siyasi və ictimai xadimlərimiz  Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanılmış “Xocalıya Ədalət” kampaniyasının bu işdə böyük əhəmiyyəti olmuşdur. 

Təəssüf ki, ölkəmizə qarşı yol verilən haqsız və ədalətsiz ikili standartlar siyasəti Xocalı faciəsinin tanınması prosesində də özünü göstərmişdir. Əlbəttə, Xocalı soyqırımının tanınmasına yönəlmiş qətiyyətli siyasi mübarizəmiz  öz nəticəsini göstərmişdir. Xocalı soyqırımı artıq bir çox ölkələrdə və beynəlxalq təşkilatlarda qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Lakin, dünyanın bir sıra iri dövlətləri və beynəlxalq təşkilatları bu faciəyə biganə qalmışdır. Ən əsası odur ki, soyqırımı törətmiş Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdir. 

Ermənilərin 1992-ci ildə Xocalı soyqırımını törədilməsində məqsəd etnik təmizləmə aparmaqla yanaşı həm də, Azərbaycan xalqını qorxutmaq, insanlar arasında vahimə yaratmaq, xalqımızı torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək idi. Lakin düşmən nəzərə almamışdır ki, nə xalqımız, nə də dövlətimiz işğalla heç vaxt barışmayacaq, erməni vandalları tərəfindən xalqımıza qarşı törədilən faciələr unudulmayacaq. Həm Ulu Öndərin hakimiyyəti illərində, həm də cənab Prezidentin rəhbərliyi dövründə atılmış hər bir addım Azərbaycan torpaqlarının düşmən işğalından azad olunmasına xidmət etmişdir. Xalqımız düşmən işğalı altında qalan torpaqlarımızın azad edilməsi üçün hər zaman Ali Baş Komandana güvənmiş, onun əmrini gözləmişdir. Müzəffər Ali Baş Komandan və onun qəhrəman Ordusu Vətən Müharibəsi və 2023-cü il sentyabrın 20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində torpaqlarımızı erməni işğalçılarından və seperatçılarından təmizləməklə qalmadı, həm də Xocalı şəhidləri başda olmaqla bütün Qarabağ şəhidlərimizin qisasını almışdır. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır və bu il ilk dəfə cənab Prezidentin də iştirakı ilə Xocalı faciəsinin qurbanlarını Xocalının özünündə yad etdik. 

Cənab Prezident Xocalıya səfəri zamanı həm də Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin təməlini qoymuşdur. Cənab Prezidentin Memorial Kompleksinin layihəsinin çoxdan hazır olması, lakin məhz Xocalının özündə inşa ediləcəyinə inandığı üçün layihəni bu günə kimi təxirə saldırdığını bildirməsi bir daha cənab İlham Əliyevin torpaqlarımızı azad edəcəyinə olan inamının, qətiyyətinin nə qədər möhkəm və güclü olduğunu göstərir. 

Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri Xocalıda da sürətlə davam etdirilir. Xocalıda tezliklə həyat tam bərpa olunacaq. Lakin, başda Ermənistan olmaqla, bütün dünya ictimaiyyəti bilməlidir ki, biz Xocalı qurbanlarını anmağa davam edəcəyik və Xocalı soyqırımı xalqımız tərəfindən heç vaxt unudulmayacaq. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov