YAP cəmiyyətin sosial sifarişlərini vaxtında öyrənir və hökumətə çatdırır

Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il ötür. Bu günlərdə respublikanın bütün şəhər və rayonlarında partiyanın yubileyi yüksək səviyyədə qeyd edilir. YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin xatirəsi  anılır, abidəsi önünə əklillər, gül-çiçək qoyulur. Təbii olaraq YAP-n yaranmasını şərtləndirən səbəblər, tarixi zərurət barədə partiya veteranlarının xatirələri gənc siyasi  həmfikirlərinə, gələcək nəsillərə  ötürülür.

Yeni Azərbaycan Partiyasının tarixini öyrənmək, bütövlükdə müasir Azərbaycan tarixini öyrənmək deməkdir. Gələcəyimizi düzgün qurmaq üçün keçmişimizi  öyrənməli, tarixi reallıqlardan doğru nəticə çıxarmalıyıq. Əks halda, bir çox təhlükələrlə üzləşə bilərik. Bu baxımdan, hesab edirəm ki, yubiley ərəfəsində partiyamızın yarandığı dövrə və keçdiyi  tarixi yola ekskursiya etməkdə fayda var.

Ötən əsrin 80-ci illərinin ikinci yarısında Sovetlər İttifaqının rəhbərliyinə Mixail Qorbaçov gətirildi. SSRİ kimi böyük bir imperiyaya rəhbərlik etmək üçün kifayət qədər səriştəsi olmayan, millətlərarası münasibətlərdən başı çıxmayan bu şəxs qısa zaman kəsiyində idarəetməni itirdi. Şəxsi qısqanclıqdan Heydər Əliyev kimi şəxslə intriqa aparmağa başladı. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi. 88-ci ilin fevral ayında isə Qarabağda erməni separatçıları mitinqlərə başladılar və Azərbaycanın tərkibindən çıxmaq barədə Moskva qarşısında məsələ qaldırdılar. Nə qədər ki, Heydər Əliyev hakimiyyətdə idi, ermənilər qorxudan buna cəhd etmirdilər. Heydər Əliyevin yoxluğu onları cəsarətləndirmişdi.

Qarabağda baş verənlər Bakı şəhəri daxil Azərbaycanın bütün bölgələrini ayağa qaldırdı. Moskva rəhbərliyi çıxış yolunu Azərbaycan və Ermənistan rəhbərlərini dəyişməkdə gördü. Zaman keçdikcə SSRİ rəhbərliyinin separatçılara gizli dəstəyi ermənilərin iştahasını artırır, hər gün Qarabağın müxtəlif rayonlarında cinayətlər törədilirdi. Nə Moskva, nə də ki, yerli rəhbərlik proseslərin qarşısını almaq iqtidarında idi.

1990-cı il yanvarın 19-dan-20-nə keçən gecə heç bir zərurət olmadan Bakıya Sovet qoşunları yeridilir.Yüzlərlə mülki şəxs  qətlə yetirilir, minlərlə xəsarət alan və itkin düşənlər var. İnformasiya blokadasındayıq. Dünya faciədən xəbərsizdir.

Yanvarın 21-də heç kəsin gözləmədiyi halda o zaman Moskvada yaşayan təqaüdçü Heydər Əliyev oğlu İlham Əliyevlə birlikdə bütün mümkün riskləri aşaraq, Azərbaycanın daimi nümayəndəliyinə gəlir. Moskvada akkreditə olunmuş jurnalistlərin qarşısında mətbuat konfransı keçirir. Bakıda baş vermiş faciədə şəxsən Qorbaçovu, Sovet rəhbərliyini ittiham edir. Beləliklə, beynəlxalq aləm, 20 Yanvar qırğını barədə məlumatlanır. Heydər Əliyev ən çətin anlarda xalqının yanında olduğunu göstərir.

Yanvar hadisələrindən sonra Azərbaycanda siyasi hakimiyyət dəyişsə də, ictimai-siyasi vəziyyət gərginləşməkdə davam edir. 1991-ci ildə Moskvadan Vətənə qayıdan Heydər Əliyevə ögey münasibət göstərilir. Onun Bakıda qalmasına imkan verilmir və o, Naxçıvana üz tutur. Blokadadan əziyyət çəkən Naxçıvan camaatı Heydər Əliyevin timsalında xilaskarını görür və o, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilir. Naxçıvanı erməni hücumlarından qoruyan Heydər Əliyev, qonşu ölkələrlə, ilk növbədə qardaş Türkiyə ilə əlaqə qurur. Tarixi “Dostluq” körpüsünü inşa etdirir. Sovet qoşunlarını Naxçıvandan çıxarır. Azərbaycanda ilk olaraq üçrəngli bayrağımızı qaldırır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis edir.

Qarabağda isə ermənilərin vəhşilikləri artan templə cərəyan edir. Xocalı qətliamı baş verir, Azərbaycan hakimiyyəti gücsüzlüyündən qarşını ala bilmir və dəyişir.

Şuşa, Laçın işğal olunur. Bakıda müvəqqəti hakimiyyətlə Xalq Cəbhəsi arasında amansız vəzifə davası gedir. Cəbhə bölgəsindən Bakıya gətirilən hərbi texnika və ayrı-ayrı siyasətçilərin tabeçiliyində olan hərbiçilərin “fəaliyyəti” ermənilərin irəliləməsi ilə nəticələnir.

1992-ci il. Xalq Cəbhəsi qiyam yolu ilə hakimiyyətə yiyələnir. O zamana qədər kiçik də olsa heç bir dövlət vəzifə tutmamış, ümumiyyətlə, dövlət idarəetmə sistemindən anlayışı olmayan bir qrup şəxs, birdən-birə hakimiyyətin ən üst qatında yer alır. Kadr təyinatlarından tutmuş gündəlik qəbul etdikləri qərarlar, elementar əxlaq normalarından uzaq davranışları, populist çıxışları xalq tərəfindən rişxəndlə qarşılanır.

Kəlbəcər və ətraf kəndlər işğal olunur. İqtisadi çətinliklər, yüz minlərlə qaçqınlar, məcburi köçkünlər, hakimiyyətdə olan cəbhəçilər arasında gedən intriqalar, müxtəlif qütblərə xidmət edənlər, parçalanmalar dövlətin idarə olunmasında ciddi problemlər yaradır. Mərkəzi hakimiyyətin zəifliyi, siyasi və etnik mənsubiyyətinə görə vətəndaşlar arasında ayrı-seçkilik nəticəsində yerlərdə kriminal dəstələr peyda olur.

Bir sözlə, həmin vaxt xalqın hakimiyyətə və gələcəyə olan inamı tamamilə itmişdi. Dövlət yox olmaq, cəmiyyət isə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi.

Vəziyyətdən yeganə çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət olunmasında görən bir qrup ziyalı, tarixi müraciət hazırlayır. Sonralar “91-lər”in müraciəti adlandırılan sənəddə xalqı düşdüyü çətin vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər anlayışı ilə yeni bir siyasi partiyanın yaranması prosesi başlayır.

Ümummilli Lider partiyanın Proqramının, Nizamnaməsinin hazırlanmasına şəxsən rəhbərlik edir.

1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində, ölkənin bütün bölgələrini təmsil edən 550 nəfərdən ibarət nümayəndə heyətinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilir. Partiyanın İdarə Heyəti, Siyasi Şurası seçilir.

1993-cü ilin iyun ayında Gəncədə qardaş qırğını baş verir. “Cəbhə” hakimiyyəti tükənir və xalq arasında etimadını tam itirir. Funksiyasını icra edə bilmir. Ölkə vətəndaş müharibəsi həddinə çatır. Bir çox rayonlarda kriminal dəstələr yerli icra orqanlarını hakimiyyətdən uzaqlaşdırır. Xalqın qəzəbindən qorxan hakimiyyət, xalqın təkidli tələbləri ilə Heydər Əliyevin arxasınca Naxçıvana təyyarə göndərir.

Dahi şəxsiyyətin gəlişi ilə Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olur.

Separatçı “Talış-Muğan respublikası” “Sadval” ləğv edilir. Hərbi müxalifət neytrallaşdırılır. Nizami ordunun olmadığı dövrdə, ermənilərlə atəşkəs rejiminə nail olunur. Minlərlə Azərbaycan gəncinin həyatı xilas edilir.

Cəmiyyətin bütün sahələrində köklü islahatlar aparılır.

Operativ dövlət idarəetmə sistemi formalaşdırılır.

Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edilir.

Beynəlxalq təşkilatlarla, dünyanın əksər ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın əsası qoyulur.

“Əsrin müqaviləsi” imzalanır. Tarixi İpək yolu bərpa olunur.

Azərbaycanın dövlət ideologiyası, ölkəmizdə yaşayan bütün milli azlıqları, etnik qrupları özündə birləşdirən azərbaycançılıq məfkurəsinin müəllifi Heydər Əliyevdir.

Hər bir siyasi partiyanın ən böyük nailiyyəti ölkədə keçirilən seçkilərdə, rəy sorğularında xalqın səsini qazanmaqdır. Yeni Azərbaycan Partiyası müxalifət partiyası olaraq yarandı və 1993-cü ildən bəri Azərbaycanda keçirilən bütün siyasi kampaniyaların, seçkilərin, referendumların qalibi oldu. Yeni Azərbaycan Partiyasının üzvləri, 1993-2003-cü illər arası Prezident, ulu öndər Heydər Əliyevin, ondan sonrakı dövrdə isə, Partiyanın Sədri, Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin apardığı siyasətə hərtərəfli dəstək vermişlər.

Heydər Əliyev strateji düşüncəsinin məhsulu olan bugünkü, Azərbaycan beynəlxalq aləm tərəfindən güclü, inkişaf etmiş dövlət olaraq tanınır.

Ulu Öndərin əsasını qoyduğu nizami Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik erməni işğalına son qoydu. Bu gün YAP regionun ən böyük siyasi partiyası olaraq, beynəlxalq təşkilatlarla, bir çox ölkələrdə, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən partiyalarla əməkdaşlıq edir. Cəmiyyətin sosial sifarişlərini vaxtında öyrənir və hökumətə çatdırır.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, cəmiyyətin müxtəlif təbəqələri arasında sosial ədalət prinsiplərinin bərqərar olması, dövlət-vətəndaş  münasibətlərinin tənzimlənməsi istiqamətində təbliğat aparır. Dövlətçiliyin, ictimai-siyasi sabitliyin qorunmasında dövlətin apardığı siyasətə tam dəstək verir. Bu gün hər bir YAP üzvü ölkənin gələcəyini, inkişafını, müstəqilliyini Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin liderliyində görür. Bu yerdə Ulu Öndərin artıq həyatda özünü təsdiq etmiş sözləri yada düşür. “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.”

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı