YAP Yevlax rayon təşkilatının inzibati binasında şahmat turnirinin qalibləri təltif olunublar

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Yevlax Uşaq Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev ideyaları Qələbələrimizin rəhnidir” adlı Şahmat üzrə rayon turniri keçirilib.

“İki sahil” xəbər verir ki, məktəblilər arasında keçirilən Şahmat yarışında 5 qrupda müxtəlif yaşlarda olan 150-dək şagird birincilik uğrunda mübarizə aparıb.

Təqdimetmə mərasimində iştirak edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax UGİŞM-in direktoru Elman Əlibəyli çıxış edərək, vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyev müstəqil müasir Azərbaycanın qurucusu kimi öz adını tariximizin səhifələrinə qızıl hərflərlə həkk etmiş müdrik şəxsiyyətdir. Ulu Öndərin bütün dövrlərdə Azərbaycanın maraqları naminə həyata keçirdiyi misilsiz xidmətləri əbədi olaraq yaddaşımızda qalacaq, xalqımız tərəfindən Milli Liderin əziz xatirəsi hər zaman böyük məhəbbətlə anılacaqdır. Qeyd edilib ki, Şahmat turnirin keçirilməsində məqsəd dahi Heydər Əliyev şəxsiyyətinin və onun müdrik siyasi fəaliyyətinin gənclər arasında təbliğ olunması,həmçinin Ulu Öndərin daim gənclərə və idmana göstərdiyi xüsusi diqqət və qayğının məhz bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilməsinin ən bariz nümunəsi olan qüdrətli dövlətimizin “Sağlam bədəndə sağlam ruh olar, gənclərin və idmanın inkişafı prioritet məsələdir” prinsipinə əsaslanmasını nümayiş etdirməkdən ibarət olub.

Məktəblilər asudə vaxtlarının maraqlı və səmərəli təşkil edilməsinə görə təşkilatçılara təşəkkür ediblər.

Sonda turnirdə müxtəlif yaş qrupları üzrə ilk 3 yeri tutan qalib şahmatçılara YAP Yevlax rayon təşkilatının fəxri fərmanları və medallar təqdim olunub,xatirə şəkilləri çəkilib.