YAP yubileyini zəngin ənənələrinə əsaslanan möhtəşəm uğurları ilə qeyd edir

Zaman hadisələrə ən böyük dəyəri vermək üçün zəngin mənbədir. Eyni zamanda, inkaredilməz həqiqətdir ki, illər keçdikcə baş verən hadisələrin mahiyyətini daha dərindən dərk edir, düzgün dəyərləndirərək indiki və gələcək nəsillərin bu barədə daha dolğun məlumatlar əldə etmələrinə səy göstəririk. Ölkəmizin həyatında həlledici məqamlardan, dönüş nöqtələrindən biri olan Yeni Azərbaycan Partiyasının təsis olunmasından 30 il ötür. Respublikamızın hər yerində yubiley tədbirləri keçirilir, YAP-ın hansı zərurətdən yarandığı təhlil edilir və dünənin, bu günün, gələcəyin partiyası olduğunu şərtləndirən amillər diqqətə çatdırılır.

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi olaraq yarandı. Həmin dövrdə cəsarətli, qorxmaz insanlar, tarixə "91-lər" kimi yazılan, xalqın böyük əksəriyyətinin istəyini ifadə edən ziyalılar açıq-aydın görürdülər ki, yenicə müstəqilliyə qovuşmuş gənc Azərbaycan böyük fəlakətlə üz-üzədir. Artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdı. Siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini, bir dövlət olaraq varlığını sual altına qoymuşdur. Cəmiyyətdə ümidsizlik hökm sürürdü. Belə olan halda ölkənin inkişafından danışmaq mümkün deyildi. Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin erməni silahlı qüvvələri tərəfindən işğalına yol açdı. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünü ancaq öz maraqları düşündürürdü. Dövlətin, xalqın taleyinə biganəlik vəziyyəti anbaan gərginləşdirirdi. Yeni Azərbaycan Partiyası məhz belə bir çətin dövrdə yaradıldı. 1992-ci ilin oktyabrında bir qrup ziyalı dahi şəxsiyyət Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Müraciətdə deyilirdi: "Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir". Ümummilli lider Heydər Əliyev ziyalıların müraciətinə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi, onun Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya biləcəyinə inamını ifadə etdi. Ümummilli lider, həmçinin belə partiya yaradılarsa fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirdi.

"91-lər"in fəaliyyəti daim dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir. Ölkə Prezidenti İlham Əliyevin partiyanın VII qurultayında səsləndirdiyi "Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan "91-lər"i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm… Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular" fikirləri də həmin dövrün reallıqlarını, "91-lər"in fəaliyyətinə yüksək dəyəri özündə ehtiva edir.

Tariximizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması dövlət başçısı İlham Əliyevin əsas çağırışlarındandır. Məhz bu gün qürurla bəhs etdiyimiz tarixi Zəfərimizdə xalqımızın yenilməzliyi, məğrurluğu, ən əsası tarixinə sahib çıxması mühüm rol oynadı. Ermənilər torpaqlarımızı dağıdıb, yerlə-yeksan etsələr də, izləri tamamilə silməyə çalışsalar da həqiqətləri ortaya qoyan tarixi faktlar oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin postmünaqişə dövründə qarşıya qoyduğu hədəflərdən biri də budur ki, saxta tarixin yaradılmasına imkan verməməliyik. Dövlət başçısının çıxışlarının mahiyyətində dayanan "İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir" çağırışı tarixçilərimizin, araşdırmaçılarımızın qarşısında yeni reallıqlara uyğun mühüm vəzifələr qoyur.

Göründüyü kimi, hər dövrün öz reallığı ondan irəli gələn tələbləri, çağırışları vardır. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması da müstəqilliyimizin bərpasının ilk illərində yaşanan reallıqların tələbi, xalqın istəyi idi. Partiya öz təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirdi. Bu mühüm addımın atılması ilə yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsası qoyuldu. Yaranmasından 7 ay sonra partiyanın Sədri, ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövrün başlanğıcı oldu. O illərdə Azərbaycanın hansı durumla üz-üzə olduğu məlumdur. Ulu öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində vətəndaş qarşıdurmasının qarşısı alındı. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, siyasi və iqtisadi sabitliyin təmin edilməsi üçün əhəmiyyətli addımlar atıldı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdləri puça çıxdı. Ulu öndər Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və inkişaf gətirdi. Azərbaycanın 1993-cü ildən sonrakı inkişafı ilə müstəqilliyimizin bərpasının ilk illərində yaşadıqlarını müqayisəli təhlil etdikdə bu həqiqət təsdiqlənir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində, dövlətə, xalqa xidməti ilə milyonların sevgisini qazandı. Cəmiyyətin avanqard qüvvəsi olan partiya sıralarında bütün kateqoriyadan olan insanları birləşdirməklə onların arzu və istəklərini reallığa çevirir. Zaman göstərdi ki, xalqımız ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməklə xoşbəxt gələcəyi üçün möhkəm təməl formalaşdırıb.

İstər 1969-1987-ci, istərsə də 1993-2003-cü illərdə yaradılan möhkəm təməl yeni müstəqil Azərbaycanın bundan sonrakı mərhələdə uğurlu inkişafını təmin etdi. 2003-cü ildə başlanan Böyük Yolun davamı Azərbaycanı, xalqımızı Qarabağa, Şərqi Zəngəzura qovuşdurdu. Cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlığa yönəldi. Ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciət edərkən axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları cənab İlham Əliyevin xalqın dəstəyi əsasında axıra çatdıracağına inamını ifadə etmişdir. Yeni Azərbaycan Partiyasının VII Qurultayında "Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, ulu öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi" söyləyən dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə etdi ki, son illərdə doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin əvvəlki dövrə, möhkəm təmələ əsaslanan, amma yeni dövrüdür. Çünki hər dövrün öz tələbləri var.

Azərbaycanın müstəqilliyinin bərpasının 31 ilinin 30 ilinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyini ulu öndər Heydər Əliyev partiyanın fəaliyyətinin ilk illərindən görürdü. "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" çağırışı da bu inamdan yarandı. Ümummilli lider, eyni zamanda, bu əminliyi də ifadə etmişdi ki, müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıb. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.

Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ulu öndər Heydər Əliyevin "91-lər"in müraciətinə cavabında yer alan "Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər" fikrini reallığa çevirdi. Partiyanın ölkəmizin həyatında oynadığı rol, insanların partiyaya, onun gələcəyinə inamı göz qabağındadır. Hər bir ölkənin inkişafında mühüm amil olan, gələcəyini müəyyənləşdirən seçkilərdə Yeni Azərbaycan Partiyasının, onun namizədlərinin qələbəsi də özündə xalqın sevgisini, istəyini və inamını ifadə edir. Bir mühüm məqamı da qeyd edək ki, hər bir dövlətin həyata keçirdiyi siyasətin məqsəd və vəzifələri hakim partiyaların məqsəd və vəzifələri deməkdir. Bu baxımdan, Azərbaycanın uğurları, gələcəyə hesablanan, təkmil siyasəti nəticəsində hədəflərə yüksək səviyyədə nail olması Yeni Azərbaycan Partiyasının uğuru olaraq qarşıdakı dövr üçün çağırışlarının müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Ümummilli lider Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir" tezisi də bunun təsdiqidir.

Ötən il tarixi Zəfərimizin reallıqları əsasında keçirilən partiyanın VII qurultayını ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirən dövlət başçısı, YAP Sədri İlham Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Qurultayda partiyanın 30 illik yubileyi ərəfəsində olduğunu xatırladan dövlət başçısı cənab İlham Əliyev bu inamı da ifadə etdi ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir. Ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində tətbiq etməliyik.

Prezident İlham Əliyev qurultayda YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının da vacibliyini bildirdi. Dövlət başçısının bu fikirləri səsləndirdiyi, tapşırıqlarını verdiyi 5 mart 2021-ci il tarixindən ilyarımdan artıq vaxt keçir. Partiya müasir dövrün, tarixi Zəfərimizin yeni reallıqlarının əsasında yeni Proqramını hazırladı və ötən ilin sonunda İdarə Heyətinin qərarı ilə təsdiqləndi. Artıq göründüyü kimi, yeni reallıqlar qarşıya yeni vəzifələr qoyduğu üçün dövlətimizin də siyasətində, həyata keçirdiyi islahatlarda təkmilləşmələrə, həmçinin cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Proqramında əlavələrə, bir sözlə, yenidən qəbul olunmasına böyük zərurət yarandı. YAP 1992-ci ildə təsis konfransını keçirərək öz Nizamnaməsini və proqramını təsdiqləmişdi. Bu proqram həmin dövrün reallıqlarına uyğun olaraq hədəfləri özündə ehtiva edirdi ki, partiya 30 il onların uğurlu icrası istiqamətində mühüm addımlar atdı, populizmdən uzaq olduğunu, gerçəkliklərə dəyər verdiyini təsdiqlədi. Bu gün partiya 30 illik yubileyini zəngin ənənələrinə əsaslanan möhtəşəm uğurları ilə qeyd edir.

Zaman dəyişir, qarşıda yeni vəzifələr və çağırışlar dayanır. Partiyanın VII qurultayında tarixi Zəfərimizin reallıqları qarşıya yeni vəzifələr qoydu ki, bu da öz növbəsində yeni tərkibin formalaşdırılmasını, yeni qərarların qəbulunu, eyni zamanda, yeni Nizamnamənin təsdiqini bir zərurətə çevirdi. Azərbaycanın ötən dövr ərzində qazandığı uğurlar əsasında YAP-ın yeni Proqramı qəbul edildi. Partiyanın 1992-ci ildə qəbul etdiyi Proqramın devizi "Yeni, müstəqil Azərbaycan uğrunda!" idisə, tarixi Zəfərimizdən sonrakı dövr üçün nəzərdə tutulan yeni Proqramda "Biz birlikdə güclüyük!" çağırışı əsas yer tutur.

Əsas hədəflərdən biri işğaldan azad edilmiş torpaqlarımızın bərpası, yenidən qurulması, keçmiş köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasıdır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər dünyanın diqqətindədir. Bu reallığı da böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edib. Ölkəmiz dünya hərb tarixində belə bir ilkə imza atdı, müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başladı. Bu addım müharibədən çıxan ölkə üçün çətin olsa da, Azərbaycan uğurlu siyasəti ilə bu hədəfə də yüksək səviyyədə nail olacağına əmindir. 30 illik işğal dövründə ölkəmiz yalnız Qələbəyə deyil, ondan sonrakı mərhələdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə də hazırlıq görmüşdür. Bu hazırlıq Azərbaycanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanaraq iqtisadi inkişaf strategiyasını hazırlamasında, uğurlu siyasətində, təkmil islahatlarında öz əksini tapıb. Tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanın yeni əməkdaşlıq formatlarının müəllifi kimi rolunu da möhkəmləndirir. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi ilə bu əməkdaşlıq formatları reallığa çevriləcək ki, bu da öz növbəsində həm Azərbaycanın dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirəcək, həm də ölkəmizin iqtisadi imkanlarını artıracaq. Möhtəşəm Zəfərimiz qalib Azərbaycanın qarşısında geniş imkanlar açır. Yeni Azərbaycan Partiyasının yeni Proqramında ölkəmizin postmünaqişə dövrü üçün müəyyənləşdirdiyi hədəflər öz əksini tapıb.

30 illik yubileyini Zəfər ruhunda qeyd edən Yeni Azərbaycan Partiyasının hər bir üzvü sevinclidir. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Prezidentin rəhbərliyi ilə uğurla inkişaf edən partiyanın üzvü olmaq böyük xoşbəxtlik və məsuliyyətdir. Partiyanın hər bir üzvünün amalı ulu öndər Heydər Əliyevin ideyalarının təbliğində fəal iştirak etmək, partiyanın adını uca tutmaqdır.

Əliabbas SALAHZADƏ,

Milli Məclisin deputatı