Yasamal rayonunda icra başçısı ərazidə sakinlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşlarla bir araya gəlib. Səyyar qəbul rayondakı 21 saylı tam orta məktəbdə keçirilib. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.Görüşün əvvəlində 20 yanvar şəhidlərinin xatirəsi yad edildi.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verdi. İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan əksər problemlərin həll edildiyini vurğuladı. Elşad Həsənov 2023-cü ilin “Heydər Əliyev ili” elan edildiyini xatırlatdı.

Söz alan vətəndaşlar rayondakı Alatava yaşayış massivinin sökülməsi, sosial yardım,Vətən müharibəsi qazilərinin işlə təmini, rayon üzrə qeydiyyat, kommunal xidmətlərin apardığı təmir işləri zamanı yollarda asfalt örtüyünün zədələnməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qəzalı evlər və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra məsələlər İcra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.