Yeni qanun layihəsi beynəlxalq normalar çərçivəsindədir

Son illər ərzində ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə dinamik inkişafın olduğunu müşahidə edirik ki, bu səbəblər də digər sahələrdə olduğu kimi qanunvericilik bazasının da təkmilləşdirilməsini, müvafiq qanunların qəbul edilməsini zəruri edir. 

 

Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən 11 yanvar 2023-cü il tarixdə təsdiq edilən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir. Yeni Qanun layihəsi ümumilikdə 6 fəsil və 30 maddədən ibarətdir. Bildiyimiz kimi “Siyasi partiyalar haqqında” əvvəlki qanun 1992-ci ildə qəbul edilmişdir. Əlbəttə ki, həmin qanun layihəsi ilə bugün qüvvədə olan yeni qanun layihəsi arasında bir çox fərqlər vardır. Bu fərqlər məjhz demokratik mühitin inkişafına, partiyalar arasında rəqabət münasibətlərinin artmasına təkan vermiş olacaqdır. Eyni zamanda ilk dəfə idi ki, yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələrinin Milli Məclisin sədrinə ünvanladığı təklifdən sonra bu məsələyə baxıldı. Xüsusilə də yeni qanun layihəsinin hazırlanması üçün Venesiya Komissiyasının 2010-ci ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanunun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş çoxsaylı təkliflər nəzərə almışdır. Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınmışdır. Yeni qanun siyasi partiyalara ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. Siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 5 min nəfərdir. Bununla bərabər partiyalar üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim etməlidir. 

Təbii ki, qeyd edilən faktlara baxsaq görərik, Azərbaycanda bu gün demokratik mühit mövcuddur, həmçinin siyasi partiyalar arasında açıq dialoq vardır. Bu isə ölkəmizin sadəcə xarici məsələlərdə deyil, ölkə daxilindəki məsələlərdə də demokratik prinsiplərə əsaslandığını sübuta yetirir. Və təbii ki, burada lider faktoru meydana çıxır.Qürurverici hadisədir ki, Azərbaycanın lideri,doğma Partiyamızın Sədri cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ilə ölkəmiz bu gün bütün göstəricilərinə böyük inkişaf yolunda uğurla addımlayır.

Tural İsmayılov,

YAP Yevlax rayon təşkilatının sədr müavini