"Yeni şəhərciyin tikilməsini və oranın Heydərabad adlandırılmasını təklif edirəm" - Deputat

"Bir vaxtlar Yaşmada dəniz kənarında gənclər şəhərciyinin tikilməsi gündəmə gəlmişdi. Lakin sonradan bu təxirə salındı. Hesab edirəm ki, şəhərciyin inşa edilməsi məsələsi yenidən gündəmə gətirilməlidir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib. O bildirib ki, Türkiyədə baş verən zəlzələ gələcək planların qurulması məsələsinə yenidən baxılması üçün zəmin yaradır:

“Təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Bakının çox yüklənməsi səbəbindən insanlar tıxac problemindən əziyyət çəkirlər. Şəhərin mərkəzində çoxmərtəbəli binaların sayının artması bu problemi daha da artırır. Binaların bir-birinə çox sıx şəkildə inşası təhlükəsizlik baxımından da heç bir normalara uyğun gəlmədiyini hesab edirəm. Əgər hər hansı fövqəladə hal baş versə, yarana biləcək vəziyyəti təsəvvür etmək çətin deyil”.

Deputat Yaşmada inşa olunmalı şəhərciyə paytaxt statusunun verilməsini də təklif edib: “Bakıdakı müəyyən dövlət idarələri və universitetlərini oraya köçürmək olar. Təbii ki, bu da Bakının yükünü azaldar və bir sıra problemlərin həllinə kömək olar. Həmçinin, bu il Heydər Əliyev ili olduğunu nəzərə alaraq, yeni şəhərciyin cari ildə tikilməsinə başlamaq və oranı Heydərabad adlandırmağı təklif edirəm”.