Yeni tələblər "manatlıq taksilər"ə də şamil ediləcək? - RƏSMİ AÇIQLAMA

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi yeni tələblər ölkədə geniş müzakirələrə səbəb olub. Bununla yanaşı, bəzi metro ətraflarında şəhərətrafı kənd və qəsəbələrə, eləcə də əks istiqamətə hərəkət edən çoxsaylı "manatlıq" taksilər mövcuddur. İctimai nəqliyyatdan istifadə etməyən sərnişinlər sərfəli olduğu üçün daha çox bu taksilərə üstünlük verirlər. Yeni tələblərdən sonra isə "manatlıq" taksi kimi işləyənlərin fəaliyyəti sual altındadır.

Bəs ölkəmizdə taksi minik avtomobillərinə dair təsdiq edilən tələblər "manatlıq taksilər"ə də şamil ediləcəkmi?

Sabahinfo.az xəbər verir ki, İqtisadiyyat.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, taksi minik avtomobili ilə sərnişindaşımaları həyata keçirən bütün digər hüquqi və fiziki şəxslər kimi sözügedən fəaliyyətlə məşğul olanlar da AYNA-ya elektron qaydada müraciət edərək buraxılış vəsiqəsi və buraxılış kartı almalıdırlar.

Qeyd edilib ki, icazələrin verilməsi "AYNA" informasiya sisteminin "Daşıyıcılar" altsistemi üzərindən elektron qaydada həyata keçirilir: "İstifadəçilər https://e-xidmet.ayna.gov.az/  linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb".

"Elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçirilib və xidmətdən istifadə qaydaları ilə bağlı video təlimat hazırlanıb. Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək", - məlumatda vurğulanıb.