Yevlaxda “Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP)  Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Yevlax rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” adlı tədbir keçirilmişdir.

“İki sahil” xəbər verir ki, tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, bəşər tarixində tək-tək nəhəng şəxsiyyətlər olub ki, bütün şüurlu həyatını xalqına qurban verib. Belə insanlara tarixi şəxsiyyətlər deyirlər. Onlar öz fəaliyyətləri ilə yaşadıqları vətənin tarixini yazmağı bacarıblar. Xalqımızın tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələrini yenidən dirçəldən məhz milli lider Ulu öndər Heydər Əlirza oğlu Əliyev olmuşdur. Bugün Vətən müharibəsində qazandığımız parlaq Qələbə, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzu, ictimai-siyasi, sosial-iqtisadi və digər bütün sahələrdə əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Ulu Öndərin çox illərə hesablanmış dahi siyasəti bugün möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız gözəl başa düşürki, nə qədər Azərbaycan var  Heydər Əliyev ideyaları daim yaşayacaq, bizi xoşbəxt gələcəyə qovuşduracaqdır.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirdi ki,  XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Milli özünəqayıdış və özünüdərkin başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib. Hazırda ümummilli lider Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən Ölkə Prezidenti cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır, həyata keçirdiyi müdrik siyasətlə ölkəmizin firavan həyatını və xoşbəxt gələcəyini layiqincə təmin edir. Ulu öndərə Allahdan rəhmət diləyən rayon rəhbəri qeyd etdi ki, bənzərsiz tarixi şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində sevilir, əziz tutulur, anılır və daim anılacaqdır.

Daha sonra tədbirdə  çıxış edənlər; Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun müdiri Namidə Abbasova, Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi, Yeni Azərbaycan Partiyası Aran 1 Ərazi Partiya təşkilatının sədr müavini  Ariz Mikayılov, Yevlax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin İctimayyətlə Əlaqələr bölməsinin müdiri Elçin Baxşalızadə, Vətən müharibəsi qazisi  Bayram Hüseynov, Partiya Veteranı Qənimət Qaraşov, “Əməkdar Mədəniyyət işçisi” Mədəniyyət Mərkəzinin müdiri Eldəniz Mustafayev ümummilli lider Heydər Əliyevin Azərbaycanın maraqları naminə hesablanmış uzaqgörən siyasətindən bəhs edərək bildirdilər  ki, Ulu öndər Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, xalqın sevdiyi Yeni Azərbaycan Partiyasını yaradan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır.

Tədbirdə Ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilmişdir.