Yevlaxda Vətən müharibəsi qazilərinə və veteranlarına medallar təqdim edilib

Yevlax Şəhər İcra Hakimiyyətinin,YAP Yevlax rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə YAP Yevlax rayon təşkilatının inzibati binasında Vətən müharibəsi qaziləri və veteranları ilə görüş təşkil edilib. Görüşdə müharibə qəhrəmanlarına Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun müvafiq Sərəncamı ilə verilən “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunub.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev parlaq Zəfərlə bitən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın peşəkar rəhbərliyi altında qalib Azərbaycan xalqının şücaətindən danışaraq, bildirib ki, cəmi 44 gün ərzində ərzində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan doğma torpaqlarımızı düşmən tapdağından azad edib. Azərbaycan Ordusu haqq savaşımızda arsenalında olan ən müasir silahlarla faktiki olaraq Ermənistan ordusunu darmadağın edib. Qeyd edilib ki,cənab Ali Baş Komandan İlham Əliyevin bənzərsiz siyasi fəaliyyəti nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlib. Azərbaycan xalqı Vətən müharibəsində şəhadətə ucalan igid oğullarımızın xatirəsini daim əziz tutur. Bu gün Şəhid ailəsinin nümayəndələrinə, qazilərə və veteranlara xüsusi diqqət və qayğı göstərilir ki, bu da məhz müdrik dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. 

Daha sonra çıxış edənlər Yevlax Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov vurğulayıblar ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr bizi Zəfər zirvəsinə uğurla apardı və nəticədə ermənilər kapituliyasiyaya məruz qaldılar.Döyüş meydanındakı uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyidir. Qeyd edilib ki, yenilməz Azərbaycan xalqı bu möhtəşəm Qələbə ilə əbədi olaraq qürur hissi keçirəcək. 

Tədbirdə çıxış edən qazilər və veteranlar onlara göstərilən diqqətə görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissini bildiriblər. 

Sonda Vətən müharibəsində qazi olan hərbi qulluqçulara və veteranlara medallar təqdim edilib, xatirə şəkilləri çəkilib.