Zakir Həsənovun Gürcüstan səfəri Azərbaycana nə verəcək? – TƏHLİL

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri bu iki ölkə arasında hərbi sahədə əməkdaşlığa nəzər yetirilməsi məsələsini yenə gündəmə gətirdi.

Ölkələrimiz arasında hərbi əməkdaşlıq bir neçə istiqamətdə formalaşıb və inkişaf etməkdədir.

Həm ikitərəfli, həm də çoxtərəfli formatda mövcud olan əməkdaşlıq çərçivəsində Azərbaycanla Gürcüstan birgə hərbi-starateji layihələrdə rol alıblar.

İlk növbədə diqqəti Gürcüstanın tranzit ölkə kimi hərbi təyinatlı yüklərin daşınmasındakı rolunu qeyd etmək lazımdır.

Cənubi Qafqazın strateji məntəqəsində yerləşən Gürcüstanın Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür. Gürcüstan ilk növbədə hərbi təyinatlı yüklərin daşınması baxımından tranzit ölkə kimi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Çünki bəzi hərbi təyinatlı məhsullar təyyarə ilə deyil, Aralıq dənizi-Qara dəniz və Gürcüstanın dəniz limanı üzərindən keçməklə quru yol vasitəsilə Azərbaycana çatdırılır. Eyni formada Azərbaycanın müdafiə sənayesi məhsullarının da əks istiqamətə daşınması da həyata keçirilir.

Gürcüstan həm də NATO-nun bölgədə varlığı məsələsində də vacib ölkə statusunu özündə saxlayır. Cənubi Qafqazda NATO-ya inteqrasiya məsələsində flaqman ölkə olan Gürcüstan, həmçinin Azərbaycan üçün də körpü rolunu oynaya bilir. Qeyd etməliyəm ki, NATO-nun bölgədə keçirdiyi hərbi təlimlər əsasən Gürcüstan ərazisində reallaşdırılır.

Hərbi kontekstdə ölkələrimiz arasındakı mövcud olan digər əməkdaşlıq isə ordu birləşmələrimizin birgə təlimlərinin keçirilməsidir. Davamlı hal alan bu hərbi təlimlərdə Türkiyənin də iştirakı bölgədə Azərbaycanın strateji mövqeyini gücləndirir, Ermənistanı təcrid halına salır. Doğrudur, Gürcüstan-Ermənistan hərbi əlaqələri də pis deyil. Amma bu əlaqələr daha çox hərbi yüklərin daşınması və strateji əhəmiyyət kəsb etməyən məhsulların satınalınmasından irəli gedə bilmir.

Ancaq hərbi kontekstdə Gürcüstan-Azərbaycan əlaqələrində məsələlərin həcmi ölkələrimiz arasında münasibətləri strateji mərhələyə çatdırıb.

Hərbi-texniki sahədə satınalınmalar və ya birgə istehsalın reallaşdırılması məsələsi isə yüksək templə inkişaf edə bilmir. Bu da təbii ki, Gürcüstanın hərbi sənaye sektorunun müasir çağrışlara cavab verə bilməməsindən irəli gəlir. Əlbəttə, Azərbaycan Ordusu müasir hərbi təyinatlı məhsulların satınalmasında maraqlıdır.

Ümumilikdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstana səfərini əsasən qeyd etdiyim istiqamətlərdə münasibətlərin saxlanılması və yarana biləcək sualların öncədən cavablandırılması - həll olunması baxımından əhəmiyyətli qiymətləndirmək lazımdır. Özü də bölgənin çalxalandığı bir dövürdə.

Gürcüstanın hərbi sahədə tam müstəqilliyə malik olmadığını bilsək də, qonşuluq münasibətlərindən maksimum yararlanmaq vacibdir və rəsmi Tiflisin Azərbaycana qarşı müsbət tendensiyalara dayanan addımları da təqdir olunmalıdır.

Xatırladaq ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərə gedib.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi

Ramil Məmmədli

SABAHİNFO.AZ