Zaman Prezident İlham Əliyevin sözü ilə əməlinin vəhdətdə olduğunu bir daha təsdiqlədi

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Müasir dünyanın mütərəqqi təcrübəsi göstərir ki, hər bir ölkənin sabitlik – təhlükəsizlik adası və inkişaf diyarı kimi özünü təsdiqləməsini mümkün edən amillərdən biri xalq-iqtidar birliyidir. Azərbaycan da bu baxımdan istisna deyil. Müstəqillik dönəmində ölkəmizin ictimai-siyasi, iqtisadi, hərbi-strateji və digər nailiyyətləri məhz güclü lider fenomeni, milli həmrəylik – xalq-iqtidar birliyi sayəsində mümkün olmuşdur. Müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyev və Onun layiqli davamçısı olan Prezident İlham Əliyev xalqın etimadını doğruldaraq Azərbaycanın güclü – qüdrətli dövlətə, söz və nüfuz sahibinə çevrilməsini, ardıcıl nailiyyətlər qazanaraq strateji zirvələr fəth etməsini təmin etmişdir. Ona görə də Azərbaycan xalqı Heydər Əliyev yoluna – İlham Əliyevin siyasətinə alternativ görmür.

11 aprel 2018-ci ildə keçirilən seçkilərin nəticələri də bu reallığı təsdiqləyir. Azərbaycan xalqı öz iradəsini növbəti dəfə İlham Əliyevin lehinə ifadə etdi – bir daha alternativsiz Liderə “hə” dedi. Bu, əslində, 2003-cü ildən başlayaraq 2018-ci ilə qədər dövrü əhatə edən 15 il ərzində görülən işlərin dəyərləndirilməsi, İlham Əliyev siyasətinə müvafiq qiymətin verilməsi idi. 15 illik dönəm isə inkişaf, intibah, tərəqqi, yüksəliş və rifah dövrü kimi ictimai-siyasi yaddaşa yazılmışdı. Ümumi daxili məhsul 3.2 dəfə, büdcə gəlirləri 13.5 dəfə, strateji valyuta ehtiyatları 26.6 dəfə artmış, dayanıqlı iqtisadi sistem formalaşdırılmış, əhalinin rifahı yaxşılaşdırılmış, nəhəng enerji və nəqliyyat layihələri reallaşdırılmış, Azərbaycanın xarici əlaqələri və beynəlxalq mövqeyi gücləndirilmişdi. 

Cənab İlham Əliyev andiçmə mərasimində “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” ,- deyə vurğulamışdı. Zaman Prezidentimizin sözü ilə əməlinin vəhdətdə olduğunu bir daha təsdiqlədi.

2018-ci ildən etibarən islahatların yeni dalğasına start verildi. Kadr və struktur islahatları aparıldı, idarərəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində mühüm addımlar atıldı. Paralel olaraq əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün sosial paketlər qəbul və icra olundu.

Bunlarla yanaşı, hücum diplomatiyasının, praqmatik xarici siyasət kursunun davam etdirilməsi Azərbaycanın dünya siyasətində rolunun artması, artıq keçmişdə qalmış Qarabağ münaqişəsinin həlli məsələsində obyektiv beynəlxalq rəyin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malik oldu. Bir nömrəli strateji məsələnin həlli – Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ordu quruculuğunun da uğurla davam etdirilməsi İlham Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən oldu. Çünki bunun sayəsində dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan Silahlı Qüvvələri əvvəlcə 4 günlük Aprel döyüşlərində, sonra isə 44 günlük Vətən müharibəsində öz gücünü göstərdi, xalqın inam və etibarını doğrultdu, Zəfər salnaməsi yaratdı.

Şübhəsiz ki, nəinki müstəqillik dövrünün, hətta son 200 illik dövlətçilik tariximizin zirvə hadisəsi – möhtəşəm dönüş nöqtəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Əlbəttə, Azərbaycanın haqq işi – milli mübarizəsi təkcə hərb meydanında tarixi-strateji qələbə qazanmaqla başa çatmadı. Azərbaycan Prezidenti 4 istiqamətdə sistemli strateji fəaliyyəti qurmaqla ərazi bütövlüyümüzün bərpasına müvəffəq oldu:

- Azərbaycanın diplomatik imkanları genişləndirildi, xarici əlaqələri gücləndirildi. Dünya arenasında etibarlı və perspektivli dövlət imici formalaşdırıldı. Müxtəlif platformalardan, o cümlədən beynəlxalq təşkilatların tribunalarından işğal faktı və münaqişə ilə əlaqədar reallıqlar dünya ictimaiyyətinə çatdırıldı;

- Ölkəmizin iqtisadi qüdrəti artırıldı. Güclü iqtisadiyyat quruculuğu strateji hədəflərə çatmaq üçün etibarlı maliyyə mexanizmi yaratdı;

- İqtisadi inkişaf hərbi potensialın gücləndirilməsinə, sistemli ordu quruculuğuna imkan verdi;

- Milli və siyasi birliyin gücləndirilməsi Vətən müharibəsində Azərbaycan xalqının vahid hədəf uğrunda səfərbər olunmasını – həmrəylik nümayiş etdirməsini şərtləndirdi. İstər sadə vətəndaşlar, istər ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, istərsə də siyasi partiya rəhbərləri (nümayəndələri) Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini, ordumuza dəstək  verdiklərini qətiyyətlə bəyan və ifadə etdilər.

Beləliklə, 2018-ci ildə növbəti dəfə xalqın etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev 2 il 7 ay sonra Qarabağın Xilaskarı kimi tarix yazdı - tarixə yazıldı.

Azərbaycan reallıq yaradıb və artıq yeni dönəm başlayıb – tərəqqinin yeni mərhələsi. Bizi qarşıda işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri və Böyük Qayıdış gözləyir.

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, xalqımızın həmrəyliyi sayəsində və dövlətimizin qüdrəti fonunda yeni strateji hədəflərimizə də nail olacağıq. Dövlət başçısının qeyd etdiyi kimi, bizi heç kim və heç nə dayandıra bilməz!