Zəfər müjdəli LİDER

Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına verdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətində bildirib ki, “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 

 Ölkəmizin ümumu inkişafına və həyata keçirilən siyasi islahatlar kursuna uyğun olaraq Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara start verildi. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılıb. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılıb. Cənab İlham Əliyevin sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da möhkəmlənmiş və partiyanın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynayıb. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə müdafiəsinə əsaslanır. Azərbaycan dünyada Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Ölkəmizdə gənclərin imkanlarından səmərəli istifadə olunması müasir Azərbaycanın dinamik inkişafını təmin edən əsas amildir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Vurğulamaq lazımdır ki, Prezident daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə paylaşır. Ad günlərində adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Bütün bunlar əsl dövlət xadiminin mənəvi və siyasi zənginliyinin bariz nümunəsidir. 

 Prezident İlham Əliyevin son zamanlar apardığı siyasi-iqtisadi islahatlar Azərbaycanın dayanaqlı inkişafını təmin edir. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi qarşımıza qoyur.

  İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin əsas vektorlarındandır. Məhz onun göstərişilə heç bir ayrıseçkilik aparılmadan ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı görüşlər keçirildi.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunu özündə ehtiva edir. 

“2003-cü ildən-Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq” – deyən Prezident İlham Əliyev Azərbaycan xalqının sevgisini daim hiss edib. Bu dəstək ölkəmizin daha mütərəqqi ideyalarla inkişafına, qalib, müzəffər xalq kimi yaşamasına zəmin formalaşdırıb. Çünki xalq-iqtidar birliyi ölkəmizin hərbi-siyasi mövqelərinin daha etibarlı, təminatına, iqtisadi inkişafımızın formalaşmasında başlıca faktordur.

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. 

 Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilib. 

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı : “Müharibənin nəticəsində torpaqlarımız işğaldan azad olundu, düşmən ağ bayraq qaldırdı. Ölkəmizin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 

Qarabağda vətəndaşlarımızın əbədi yaşaması üçün Böyük Qayıdış proqramı icra edilir. “Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır” – deyən Prezident İlham Əliyevin Böyük Qayıdışa xidmət esən siyasəti gələn il daha sürətli şəkildə həyata keçiriləcəkdir. Torpaqlarımız azad olunandan dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilib. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını zənginləşdirəcək.

Ölkə başçısının düşünülmüş diplomatiyası nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. 

Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. 

Azərbaycanın bu günü və gələcəyi naminə Prezident İlham Əliyev bu gün qətiyyətli siyasət yürüdür. Ölkədə aparılan iqtisadi islahatlar, kadr siyasəti xalq tərəfindən birmənalı olaraq dəstəklənir. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycan hələ daha çox uğurlara imza atacaq.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı