Zəfər zirvəsini fəth edən müzəffər Sərkərdə!

Hər bir azərbaycanlı kimi mən də böyük fəxarət və qürur hissi ilə qeyd edirəm ki, biz bugün Ölkə Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyevin həyata keçirdiyi düzgün və praqmatik siyasət nəticəsində, qalib ölkənin qalib vətəndaşı kimi müstəqil Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırıq. Ölkəmizdə siyasi sabitlik höküm sürür və Azərbaycan uğurlu inkişaf yolunda addımlayır.

 

 Müstəqil müasir Azərbaycanın qurucusu dahi Heydər Əliyev Prezident İlham Əliyevə özü qədər inandığını söyləyərkən, həqiqətən də yanılmamışdır. Ona görə ki, tarix və zaman bu sözlərin nə qədər əhəmiyyətli və nə qədər dəyərli olduğunu əldə etdiyimiz möhtəşəm nailiyyətlərlə göstərmiş oldu. Qədirbilən xalqımızın böyük dəstəyi, sevgisi, istəyi ilə 2003-cü ildə prezident seçilən cənab İlham Əliyev öz qətiyyəti, diplomatik məharəti və xalqımızın maraqları naminə hesablanmış siyasəti ilə sübut etdi ki, Azərbaycan xalqı öz müdrik seçimində düzgün qərar vermişdir. Azərbaycan 19 il ərzində cənab İlham Əliyevin ali və peşəkar rəhbərliyi ilə böyük inkişaf yolu keçib, çoxsaylı uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin vətəndaşlarımızın xoşbəxt və firavan yaşamasına, xüsusilə gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn mühüm tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

Bugün ölkəmizdə digər sferalarda olduğu kimi təhsil sahəsində də müasir dünya təcrübəsinə uyğun sistem formalaşdırılıb. Təhsil işçilərinə göstərilən qayğı, yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi, şagirdlərimizin müasir avadanlıq və ləvazimatlarla təchiz olunan məktəblərdə təhsil alması bizi çox sevindirir. Ölkəmizdə elm və təhsil sahəsinə göstərilən xüsusi diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Daxili siyasətimizdə olduğu kimi cənab Prezidentin müdrik rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Bununla bərabər regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib. Yenilməz və güclü Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Və bu müharibənin sonunda 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Üçtərəfli bəyanata əsasən doğma Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Bir sözlə Ermənistan döyüş meydanında diz çökdü və acı məğlubiyyətə məruz qaldı. Bu isə cənab Prezident, möhtərəm Sədr İlham Əliyevin apardığı düzgün və məqsədyönlü YAP siyasətinin möhtəşəm uğuru idi.

Mən Cənubi Qafqazın ən böyük və ən güclü siyasi təsisatı olan Yeni Azərbaycan Partiyasının fəalı, təhsil işçisi və müstəqil Azərbaycanın müstəqil vətəndaşı kimi iftixar hissi keçirirəm ki, güclü Liderimiz Prezident İlham Əliyevin ali rəhbərliyi ilə qüdrətli ölkəmiz böyük inkişaf yolunda qələbədən qələbəyə imza atır, dünyada cərəyan edən gərgin proseslərə rəğmən təhlükəsiz və firavan gələcəyə doğru inamla addımlayır!

 

Sevinc Quliyeva,

 

YAP Yevlax rayon təşkilatının fəalı, Yevlax rayon R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbinin direktoru