Zirvə görüşü Türk dünyasının inkişafında önəmli rol oynayacaq

Beynəlxalq siyasi münasibətlərdə son dövrlər baş verən proseslər yeni dünya düzəninin formalaşmasının başlanğıcı sayıla bilər. Azərbaycanın yürütdüyü xarici siyasət kursu belə bir situasiyada dövlətimizin maraqlarının qorunması və qlobal arenada mövqelərinin möhkəmlənməsinə xidmət etdiyindən yeni siyasi düzənin bütün spektrləri üzrə fəal iş aparılır. Məsələn, Qoşulmama Hərəkatında liderlik mövqeyi Azərbaycan üçün geniş geosiyasi müstəvidə böyük imkanlar yaradıb. Beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır. Belə ki, qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Ona görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bu baxımdan yeni yüksəliş dövrünün başlanğıcı sayıla bilər.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, məlum zəlzələ faciəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edirdi. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Prezident şərəfli Vətən müharibəsindən danışaraq Rəcəb Tayyib Ərdoğanın ilk anlardan başlayaraq son günə qədər göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini xüsusi vurğulayıb.

Bununla yanaşı, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında oldu. Prezident daha sonra qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dəhşətli zəlzələnin, onun yaratdığı ağır fəsadların Azərbaycan dövləti və xalqı tərəfindən ürək ağrısı ilə qarşılandığını söyləyib. Prezidentin qeyd etdiyi kimi, ilk andaca Azərbaycan dövləti bütün varlığı ilə Türkiyənin yanında oldu. İstər dövlət, istər vətəndaşlarımız bir sinədə döyünən Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olundu.

Prezident İlham Əliyev çıxışında keçən il Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşünə də toxunaraq qeyd edib ki, R.T.Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması Türkiyə liderinin Türk dünyasının gücləndirilməsində xidmətlərinin daha bir sübutudur. Bundan sonrakı fəaliyyətində də Rəcəb Tayyib Ərdoğan Türk dünyasının inkişafına, əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcək.

“Əlbəttə, zirvə görüşü zamanı Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyət əsas müzakirə mövzusu olsa da, liderlər üçün digər məsələləri də gündəmə gətirmək baxımından uğurlu platforma idi. Misal üçün bildirim ki, Türk dünyasının tək ürək, tək vücud olduğunu söyləyən Türkiyə Prezidentinin Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat əlaqələrinin inkişafında və digər məsələlərdə strateji rol oynayacağı mesajı əslində, türk soyuna düşmən kəsilənlərə sərt zərbə oldu.

Prezident İlham Əliyev daha ağrılı və kədərli bir problemdən danışaraq Türk dünyasının türk dövlətlərinin hüdudları ilə məhdudlaşmadığını, daha böyük coğrafiyanı əhatə etdiyini bildirdi. Belə ki, dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu bəyan edən ölkə başçısı cəmi 10 milyonun Azərbaycanda yaşadığını, qədim türk yurdu olan Qərbi Zəngəzurun sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılması kimi dəyərləndirdi”, - deyə deputat sözlərinə əlavə edib.

Rəşad Mahmudov sonda qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Ankarada keçirilən Fövqəladə Zirvə görüşü Türkiyə- Azərbaycan müttəfiqliyinin və bütövlükdə Türk dünyasının inkişafında önəmli rol oynayacaq. Son zirvə görüşü TDT-nin yüksəlişində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həm beynəlxalq müstəvidə, həm də Türk dünyasında liderliyini təsdiq etmiş oldu. Eyni zamanda, bütün dünya birliyinə göstərildi ki, bu iki liderin timsalında Azərbaycan-Türkiyə müttəfiqliyi kimi qardaşlıq nümunəsi yoxdur./azertac