15 iyun – Milli Qurtuluş Günü

Hər il iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq hissi ilə qeyd edilir. Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyin qorunması və möhkəmləndirilməsi kimi missiya hələ Sovet dönəmində respublikamızın gələcək inkişafı üçün fundamental əsaslar yaradan Ulu Öndərin üzərinə düşdü. Heydər Əliyev xilaskarlıq missiyasına Naxçıvandan başladı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda böyük mübarizə əzmi yaratdı.

Ulu Öndər Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, 1993 - cü il iyunun 9-da Bakıya gəldi və möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. 15 iyunda isə Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu. Xalqın böyük etimadı ilə Ulu Öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etməyə başladı.

Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu,dünyada etibarlı tərəfdaş kimi tanındı. Bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs eyni ardıcıllıqla davam etdirilir.

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin müəllimi Osman Azadoğlu