15 iyun Qurtuluş günü - müstəqil, müasir Azərbaycanın tarixinin mühüm səhifəsidir

"Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyən Ulu Öndər Heydər Əliyevin ömür yolu Vətənə xidmətin, Vətənə sədaqətin parlaq nümunəsidir. Canından çox sevdiyi Azərbaycan üçün, onun gələcəyi üçün çalışan bu görkəmli ictimai-siyasi xadim sözün əsl mənasında qüdrətli Azərbaycanın memarıdır. Azərbaycanın həqiqi müstəqilliyinin, deklarativ deyil, sözün əsl mənasında həqiqi müstəqilliyimizin əldə edilməsində Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyev çoxsaylı güclü dövlətlərin inanılmaz təzyiqlərinə, o cümlədən, beynəlxalq təşkilatların təzyiqlərinə tab gətirə bildi. Azərbaycana “torpaqları itirdiyi reallığı" nı qəbul etmək barədə sonsuz bəyanatlar verildikdə, o bununla barışmadı, ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını sübut etmək və beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə apardı. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Qeyd etmək lazımdır ki, 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. Dahi Heydər Əliyev ölkəni çökmüş vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının tamamilə dağılmasının qarşısını ala bildi və əslində ölkəni demək olar ki, xarabalıqlardan çıxardı və müstəqilliyini müdafiə etdi. Burada Azərbaycan əhalisinin maraqlarının qorunması xüsusi yer tuturdu. "Əsrin Müqaviləsi" də daxil olmaqla bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Və qısa müddətdə, ərazisinin 20%-dən çoxunun işğal olunmasına, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünün vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan bölgənin ən güclü ölkələrindən birinə çevrildi. Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı. Əslində, ölkənin hərbi müdafiəsini sıfırdan yaratmaq, ordunun peşəkarlıq səviyyəsini gücləndirmək üçün yüksək keyfiyyətli mütəxəssislər hazırlamaq lazım idi. Bütün bunlar praktiki olaraq sıfırdan başlanıldı, heç kimin dəstəyi olmadan həyat keçirilirdi. Sonradan, əlbəttə ki, bir çox ölkələr, ilk növbədə Türkiyə, bir sıra digər müttəfiqlərimiz bizə dəstək oldular, çox böyük kömək etdilər. Yeri gəlmişkən, Ulu Öndər müdrik uzaqgörənliklə Türkiyə ilə münasibətləri daha da yaxınlaşdırdı. Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olmasını bəyan edirdi. Ümumiyyətlə, Heydər Əliyev Türk dünyasının yenidən güclənməsi üçün çalışırdı. Və biz bu ədəbi qardaşlığın sonradan Prezident İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə daha da inkişaf etdiyinin, Türk Dövlətlərinin bir-birinə daha da yaxınlaşdığının şahidiyik. Artıq Azərbaycanın hərbi texnika almaq və ən əsası hərbi müdafiəni, hərbi sənayeni yenidən təchiz etmək, peşəkar kadrlar hazırlamaq imkanı var idi. Bütün bu illər ərzində diplomatik arenada inanılmaz güclü təzyiqlər altında Azərbaycan öz mövqeyini müdafiə edə bilmişdir. ATƏT -in Minsk Qrupu ölkələrinin bölgəsinə sonsuz səfərlər, təklif olunan mümkün kompromis həllər, hamısı rədd edildi, çünki bunlar, ilk növbədə, ölkəni zəiflətmək, əraziləri itirmək demək idi. Bunu isə Ümummilli Lider Heydər Əliyev heç bir zaman qəbul etmədi və bu gün də eyni siyasət Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir. Azərbaycan müstəqil və suveren dövlətdir, onun ərazi bütövlüyü hər kəs tərəfindən qəbul edilməlidir. Bu idi Ulu Öndərin, Prezidentimizin əsas amalı!

Ölkə başçısı İlham Əliyev ölkə iqtisadiyyatını daha da gücləndirdi. Əməkdaşlıq haqqında imzalanan ikitərəfli, çoxtərəfli müqavilələr, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, müxtəlif iqtisadi komissiyaların yaradılması, bütün bunlar Azərbaycanın iqtisadi potensialını ortaya çıxardı. Azərbaycan tezliklə bir çox nəqliyyat dəhlizinin yaradılmasına təşəbbüs göstərən ölkəyə, bir çox strateji layihələrin müəllifinə çevrildi.

Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Azərbaycandakı vəziyyəti, onun mürəkkəbliyini və çətinliyini çox gözəl dərk edirdi. O, çox yaxşı anlayırdı ki, öz həyatını, ailəsinin həyatını böyük təhlükəyə atır, lakin buna baxmayaraq, bu böyük dahi insan şərəfli tarixi missiyanı öz üzərinə götürdü. O, Azərbaycanı vətəndaş müharibəsindən, daxili separatizmdən, iqtisadi və siyasi böhrandan xilas etdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyun ayında Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 30 ildir ki, biz 15 iyun Qurtuluş gününü qeyd edirik. Ötən müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçərək, bir zamanlar siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalan ölkədən hazırda bölgədə yeni reallıqlar yaradan, dünyaya yeni layihələrlə, yeni təşəbbüslərlə töhfə verən bir güclü, nüfuzlu ölkəyə çevrildi.

Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, açılışlar edir, bir zamanlar zorla öz doğma yurdlarından məcburi köçkün düşmüş insanlar böyük həvəs və arzularla öz evlərinə qayidir. Böyük Qayıdışın reallaşır, Ermənistandan deportasiya edilən yüz minlərlə insanların haqlarının bərpa olunması, onların öz dədə-baba yurdlarına qaytarılması istiqamətində tədbirlər həyata keçirilir.

Müasir, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev gələcəyə böyük inam hissi ilə deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Biz hər birimiz fəxr edirik ki, bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Bizim hər birimizin inamı bundan ibarətdir: “ Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir!”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova