“19 sentyabr dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi”

“Azərbaycan Respublikasının tarixində Suverenlik Günü təkcə təqvimdə qeyd olunan bir gün deyil, milli yaddaşın və dövlətçilik qürurunun rəmzidir”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili qeyd edib ki, bu tarixi gün xalqımızın illərlə arzuladığı, uğrunda mübarizə apardığı müstəqillik ideyalarının təcəssümüdür:

“Suverenlik sadəcə hüquqi anlayış deyil, hər bir azərbaycanlının kimliyində, milli qürurunda və dövlətimizin varlığında özünü əks etdirən dəyərdir. Prezident İlham Əliyevin müstəsna xidmətləri bu günün tarixi əhəmiyyətini daha da dərinləşdirir. Onun uzaqgörən siyasəti və qətiyyətli iradəsi nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndi, beynəlxalq nüfuzu artdı, xalqın milli maraqları təmin olundu. Tarixi Zəfərimizdən sonra 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı isə suverenliyimizin ən yüksək zirvəsi oldu. Həmin əməliyyat nəticəsində torpaqlarımız bütövlükdə işğaldan azad edildi, Xankəndi də daxil olmaqla bütün ərazilərimizdə Azərbaycanın suveren hüquqları tam bərpa olundu. Bu hadisə əsrlərə bərabər bir gün kimi tariximizə yazıldı və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi”.

Aydın Hüseynov vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatımızın şaxələndirilməsi, beynəlxalq arenada etibarlı tərəfdaş mövqeyimiz məhz suverenliyin real təzahürləridir:

“Azərbaycanın səsi indi daha gur eşidilir, mövqeyi daha qətiyyətlə ifadə olunur, milli maraqları isə qəti şəkildə qorunur. Suverenlik Günü hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu gün biz yalnız keçmişin çətinliklərini və mübarizəsini xatırlamırıq, həm də gələcəyə nikbinliklə baxırıq. Çünki artıq bütün ərazilərimizdə dövlətimizin bayrağı dalğalanır, qanunlarımız işləyir, vətəndaşlarımız öz torpaqlarında azad və təhlükəsiz yaşayır.

Bu günün əsl mənası ondan ibarətdir ki, Azərbaycan artıq regionda güc mərkəzi, söz sahibi və qalib dövlət kimi qəbul olunur. Və bu tarixi reallığın memarı, xalqın iradəsini qətiyyətlə həyata keçirən lider Prezident İlham Əliyevdir. Suverenlik Günü həm qazanılmış nailiyyətlərin simvoludur, həm də gələcək nəsillərə güclü, müstəqil və müasir Azərbaycanın miras qoyulacağının ən parlaq təminatıdır”, - deyə millət vəkili qeyd edib.