20 Yanvar 1990-cı il Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdi

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il ötür. Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaq əsl hünər, şərəf və ləyaqət nümunəsidir. Otuz dörd il əvvəl ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar əməllərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha göstərdi. Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. 20 Yanvar 1990-cı il Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdi.

Bu fikirləri “İki sahil” qəzetinin Baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir. Ancaq təkcə faciə deyil, eyni zamanda, bu tarix Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, xalqın azadlıq istəyinin oyanış günü idi. 20 Yanvar 1990-cı il uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Baş redaktor bu mühüm məqamı xüsusi vurğulayıb ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qətliamını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə etmişdir: “Təbii ki, bu, daim təqibə məruz qalan adam üçün çox təhlükəli addım idi. Lakin atam həmişə prinsipial idi və əsla tərəddüd etmədən baş verənlərə qarşı etiraz etdi. Biz, onun ailə üzvləri də heç bir şübhə və qorxu hissi keçirmədik. Həmin ağır günlərdə bizim bircə arzumuz vardı: öz xalqımızla birlikdə olmaq, onu dəstəkləmək. Bir il sonra bu arzu baş tutdu. Doqquz illik fasilədən sonra atam öz Vətəninə, Naxçıvana qayıtdı. Onu buraya iki arzu gətirmişdi. Birincisi, şəxsi arzusu, ona rahatlıq verməyən vətəndaş şərəfi. Azərbaycan ən ağır dövrünü yaşayırdı. İkincisi, atam Azərbaycana xalqın istəyi ilə gəlmişdi.”

Vüqar Rəhimzadə onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində oldu.

Baş redaktor bildirib ki, 20 Yanvar Azərbaycan xalqının 1991-ci ildə müstəqilliyinin bərpası yolunda qanla yazılmış tarixdir. Təəssüflər olsun ki, müstəqilliyimizin bərpasının ilk illəri də xalqımız üçün faciələrlə, böyük təhlükələrlə zəngin dövr oldu. Həmin illərdə ölkəyə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin məqamda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir dövrün başlanğıcı oldu. Ümummilli Lider həmin illərdə belə bir çağırışı səsləndirmişdi ki, bu çətin günlər keçib gedəcək, vaxt gələcək hər kəs qüdrətli Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq. Ulu Öndər, həmçinin bu çağırışı da etmişdi ki, müstəqilliyimiz bizim tarixi nailiyyətimizdir. Müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsi, daimi olması üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan vahid amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndərin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətləri nəticəsində harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarının birliyi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.

Vüqar Rəhimzadə vurğulayıb ki, 2003-cü ildən sonrakı dövr Heydər Əliyev yolunun uğurlu davamı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi mərhələsidir. Bu illər ərzində dövlət başçısı İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan biri-birindən mühüm uğurlara imza atdı. Bu uğurların ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimiz və ondan üç il sonra suverenliyimizin təmin edilməsidir. Bu gün qürurla müasir müstəqil, qalib Azərbaycanın uğurlarından danışırıq. Bütün dünyaya fəxrlə bəyan edirik ki, müstəqilliyimiz əbədi və dönməzdir. İşğaldan azad edilmiş torpaqlarımızda əbədi olacağıq. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, 1990-cı ildən başlanan ağır, çətin, eyni zamanda, şərəfli yol Qarabağ Zəfəri ilə ən uca zirvəyə çatdı. 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. Bu gün Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı işğaldan azad edib yeni reallıq yaratdı. “Dəmir yumruq” birliyimizin rəmzinə çevrilib. Bu gün işğaldan azad edilmiş bütün topaqlarımızda qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın dalğalanması özündə mühüm çağırışları ehtiva edir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir və keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar.