20 Yanvar həm  Ümumxalq Hüzn Günü, həm də şanlı tariximizdir

Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş faicəli, lakin bir o qədər də şərəfli tarix olan 20 Yanvar tarixinin bu il 34-cü ildönümüdür.

Azərbaycanın müstəqilliyə doğru irəliləyən  yolunda yeni mərhələnin başlanğıc nöqtəsi olan Qanlı Yanvar qırğının törədilməsinin səbəbi həm Azərbaycanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına, həm də ümumilikdə ölkədə baş qaldırmış milli azadlıq hərəkatına, xalqın azadlıq və müstəqilliyi bərpa etmək uğrunda mübarizəsinə  görə Azərbaycanı cəzalandırmaq idi. Bu cəzanı reallışdırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə başqa rayonlarına yeridilmiş, dinc əhali kütləvi qətlə yetirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Rusiyanın müxtəlif bölgələrindən  səfərbər edilmiş erməni zabit və əsgərlərinin, hərbi məktəblərdə təhsil alan erməni kursantlarının da cəlb edilməsi Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə törədilmiş vəhşiliyin əvvəlcədən planlaşdırıldığının təsdiqidir. 

Həmin gecə fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq əhali tətbiq edilmiş fövqəladə vəziyyət barədə xəbərdar edilməmişdir. Həmçinin, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri  artıq yanvarın 19-da saat 21-dən etibarən şəhərə daxil olmuş və fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək xeyli sayda insan amansızcasına qətlə yetirilmişdir. Eləcə də xalqa məlumat verilməsinin qarşısını almaq üçün ilk hədəf kimi Azərbaycan Televiziyasının enerji blokunun seçilməsi, enerji blokunun partladılaraq sıradan çıxarılması faciənin miqyasının daha da artmasına səbəb olmuşdur. Ümumilikdə Qanlı Yanvar  hadisələri zamanı Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Həm də bu qırğınlar xüsusi qəddarlıqla, silahsız və dinc sakinlərə qarşı ağır texnikalardan və müxtəlif silahlardan istifadə etməklə törədilmişdir. 

Şübhəsiz ki, Qanlı Yanvar hadisələrinin törədilməsində SSRİ rəhbərliyi ilə yanaşı, Azərbaycanın o vaxtki rəhbərliyinin, onların səriştəsizliklərinin, hakimiyyət mübarizəsini xalqın mənafeyindən üstün tutmaq cəhdlərinin də rolu olmuşdur. Odur ki, 20 Yanvar hadisələri həm xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən o dövrün rəhbərliyinin gerçək simasının xalq tərəfindən tanınması baxımından, həm də Azərbaycanda sovet imperiyasının özünün bütün mənəvi və sosial dayaqlarını itirməsi baxımından dönüm nöqtəsi olmuşdur. 

Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin törətdiyi qırğına  qarşı kəskin mövqe tutan Ümummilli Lider Heydər Əliyev 20 yanvarın ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində öz etiraz səsini ucaltmış,  1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə silah çevirərək divan tutmuş Sovet Ordusunun amansız əməllərini ifşa etmiş,  həm SSRİ rəhbərliyinin, həm də o dövrdə ölkəyə rəhbərlik edənlərin bu amansız cinayətlərə görə xalqın qarşısında məsuliyyət daşıdığını bildirmişdir. 

20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verən də məhz  Ulu Öndər olmuşdur.  Ulu Öndər  öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarın qəbul edilməsinə nail olmuşdur. 1994-cü ilin mart ayının 29-da isə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etmişdir. 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir.

20 Yanvar hadisələrinin tədqiqi, 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutmaq, onların ailələrinə, hadisənin digər qurbanlarına soial və mənəvi yardım etmək hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. 20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti Azərbaycan xalqı, millətimiz, hər bir vətəndaşımız tərəfindən də daim dəstəklənir. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hadisənin üzərindən xeyli müddət keçməsinə baxmayaraq hər il ilk ildönümü kimi 20 Yanvar şəhidlərinin məzarları yüzlərlə, minlərlə insan tərəfindən ziyarət edilir. Çünki 20 Yanvar şəhidləri öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının bu amal uğrunda canından keçməyə hazır olan igid oğul və qızlarıdır, odur ki, xalqımız tərəfindən heç heç vaxt unudulmayacaqlar. 

Azərbaycanda milli kimliyinin formalaşmasına güclü  təsir göstərən 20 Yanvar Faciəsindən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilmiş və nəticədə xalqımız müstəqilliyə nail olmuşdur.  Məhz bu səbəbdəndir ki, 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur. 


Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov