5 km-lik zona nəzarətə götürülməlidir

"Son təxribatlar və ondan sonra səsləndirilən təhdidlərin məsuliyyəti, erməni separatçıları ilə yanaşı, bilavasitə sülhməramlıların üzərinə düşür". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkilinin sözlərinə görə,  əgər, 10 noyabr üçtərəfli razılaşmanın bütün bəndləri icra olunsaydı, bu cinayətlər baş verməzdi: "Konkret olaraq, həmin razılaşmaya əsasən Qarabağ ərazisindən silahlı dəstələrin tam şəkildə çıxarılması sülhməramlılar tərəfindən təmin olunmalı idi. Bu şərt yerinə yetirilmədiyi üçün, Qarabağa minaların, silahların daşınmasını, üçüncü ölkələrə məxsus diversantların keçməsini, separatçıların "özünümüdafiə" adı altında yenidən təşkilatlanmaları müşahidə olundu. Bütün bunların qarşısı alınmalıdır. Sakitcə oturub ermənilərin yenidən müharibə hazırlıqlarını gözləmək olmaz". 

Deputat qeyd edib ki, Rusiyanın Qarabağa yönəlik siyasəti dəyişməzdir və hər kəsə bəllidir: "Gələcəkdə baş verə biləcək təxribatların qarşısının alınması üçün, sülhməramlılardan öhdəliklərinin yerinə yetirmələrini, silahlı terror qruplarının təcili    olaraq çıxarılmasını tələb etməli, Laçın yolu üzərində, Ermənistanla sərhəddə keçid postları quraşdırılmalı, əvvəldən müəyyənləşdirilmiş 5 km-lik zona nəzarətə götürülməlidir. Əks halda, təxribatlar daha geniş miqyasda təkrarlana bilər".