8 Noyabr - Azərbaycan tarixinin ən şanlı səhifəsi RƏY

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifəsi, ən əzəmətli günüdür. Son 200 il ərzində ilk dəfə olaraq biz ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdik. Necə deyərlər, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətin və daha məsuliyyətlidir. Azərbaycan xalqı, Ordumuz Prezident İlham Əliyevin komandanlığı altında bu çətin missiyanın öhdəsindən layiqincə gəldi. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Otuz ilə yaxın idi ki, Azərbaycan böyük güclərin əsəri olan Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyədə aparılan müzakirələrdə iştirak edir, ədalətin zəfər çalacağına ümid edirdi. Amma gözləntilər nəinki özünü doğrultmadı, hətta beynəlxalq hüquqa olan inamımız sarsıldı. Anladıq ki, biz beynəlxalq güclərin səmərəsiz, məqsədli şəkildə uzadılan danışıqlarına bel bağlamamalıyıq.

Aparılan məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti möhkəmləndi, Ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz Ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev söyləyib.

Azərbaycan Hökumətinin, eyni zamanda, ölkə iqtisadiyyatını dirçəltmək üçün böyük layihələr həyata keçirdiyini vurğulayan deputat əlavə edib: “Azərbaycan Ermənistanı transmilli layihələrdən kənarda saxladı. Biz regionun enerji, nəqliyyat xəritələrini yenidən tərtib etdik. Əməkdaşlıq etdiyimiz BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar ərazi bütövlüyümüzü dəstəkləyən qətnamələr qəbul etdilər. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslədilər, qətnamələr kağız üzərində qaldı. Bundan ruhlanan Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirdi. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldı, şəhər və kəndləri taladı, ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vurdu. Bütün bunlar azmış kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Şuşada yallı getdi, “Qarabağ Ermənistandır” dedi. Bütün bunlar bizim səbir kasamızı daşırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan “İrəli” əmri verdi. Müharibə dövründə Azərbaycan xalqı öz “dəmir yumruğ”unu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insan orduya könüllü yazıldı”.

Cəbi Quliyev qeyd edib ki, “Dəmir yumruq” əməliyyatının ilk saatlarında Ermənistanın güvəndiyi “Ohanyan səddi”ni yardıq. Qırx dörd gün ərzində Azərbaycan Ordusu yalnız irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Sentyabrın 27-də Qarabağda başladılan uğurlu əks-hücum əməliyyatı Zəfərlə başa çatdı. Rəsmi İrəvan kapitulyasiyaya gedərək noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanatı imzaladı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ardınca Laçında sərhəd keçid məntəqəsi qurdu. Bu il sentyabrın 19-da isə 24 saat ərzində antiterror tədbirləri həyata keçirərək Qarabağdakı separatçı rejimin tör-töküntülərini məhv etdik. Azərbaycan Ordusu Xocalı, Əsgəran, Xankəndiyə nəzarəti təmin etdi.

“Bu gün Azərbaycanın hər bir guşəsində üçrəngli Bayrağımız dalğalanır. Biz bu qələbələrə görə, Ali Baş Komandana, Azərbaycan Ordusuna, xalqımıza minnətdarıq. Bu Qələbəni bizə yaşadan qəhrəman Azərbaycan övladları gələcək nəsillərə gözəl və qiymətli miras qoyub getdilər: milli ləyaqət, vətənpərvərlik və peşəkarlıq. İndi bütün dünya Azərbaycanın Qələbəsindən, Prezident İlham Əliyevin məharətindən, uzaqgörənliyindən danışır. Dünya bizə qibtə edir. Azərbaycan, xüsusilə də MDB məkanında çox az sayda olan ölkələrdəndir ki, öz gücü ilə ərazi bütövlüyünü təmin etdi.

İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri aparır. Beynəlxalq standartlara uyğun, müasir tipli kəndlər, qəsəbələr, şəhərlər salır. Erməni silahlılarının viran qoyduğu Qarabağ gülüstana çevrilib, orada yenidən həyat qaynamağa başlayır. Biz çox yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda qarşıya qoyulan layihələri tamamlayıb, oraları Azərbaycanın ən gözəl guşələrindən birinə çevirəcəyik”, - deyən deputat fikirlərini yekunlaşdırıb.