ABŞ- Azərbaycan münasibətləri yeni mərhələdə

Son dövrlərdə beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar fonunda Azərbaycanın geosiyasi çəkisi və diplomatik manevr imkanları əhəmiyyətli dərəcədə artmışdır. Ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında, nəqliyyat-kommunikasiya marşrutlarında və regional sabitliyin qorunmasında oynadığı rol onu qlobal güclər üçün etibarlı tərəfdaşa çevirilmişdir. Bu reallıqlar fonunda aparıcı dövlətlərin Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirməyə xüsusi maraq göstərməsi diqqətəlayiqdir.

Və elə bu baxımdan da ABŞ-nın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri də iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını simvolizə edən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycanın artan geosiyasi çəkisi və regional rolu ölkəni dünyanın aparıcı dövlətləri üçün etibarlı və strateji tərəfdaş kimi ön plana çıxarmışdır. Bu kontekstdə 8 avqust 2025-ci ildə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş zamanı səsləndirilən mesajlar beynəlxalq diplomatiyanın gündəliyində mühüm yer tutur.

Bu səfər Vaşinqton–Bakı xətti üzrə formalaşmış institusional və strateji əməkdaşlığın ardıcıl inkişafını nümayiş etdirir. Vitse-prezident Vensin Bakıya səfəri Azərbaycan diplomatiyasının yüksək səviyyəsinin və Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun birbaşa nəticəsidir. Eyni zamanda bu, Vaşinqton–Bakı dialoqu çərçivəsində formalaşmış etimadın, qarşılıqlı strateji baxışların və davamlı əməkdaşlıq iradəsinin göstəricisidir.

Görüşün yekunu olaraq imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın enerji təhlükəsizliyi və regional sabitlik sahəsində aktiv rolunun beynəlxalq səviyyədə tanınmasına, eləcə də strateji və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə xidmət edir.

Dünyanın aparıcı dövlətinin Azərbaycana göstərdiyi diqqət ölkəmizi qlobal siyasi və iqtisadi proseslərdə etibarlı tərəfdaş kimi mövqeləndirir. Xartiya qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir, Azərbaycanın strateji tərəfdaş kimi rolunu təsdiqləyir. ABŞ-nın vitse-prezidenti Cey. Di. Vensin səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanın beynəlxalq arenadakı mövqelərini daha da gücləndirməklə yanaşı, ölkəmizin strateji təsir imkanlarının genişləndirilməsi üçün konkret platforma yaradır.

Xartiya çərçivəsində süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq sistemli şəkildə təşviq olunur, qarşılıqlı öhdəliklər kimi rəqəmsal infrastrukturun inkişafı, tədqiqat, tətbiqlərin hazırlanması və kommersiyalaşdırılması, kibertəhlükəsizlik üzrə birgə təşəbbüslərin həyata keçirilməsi müəyyən edilir. Bu isə texnoloji tərəqqinin sürətlənməsinə, ölkənin qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasının güclənməsinə, özəl sektorun strateji layihələrdə fəal iştirakına və beynəlxalq standartlara uyğun innovasiya sisteminin formalaşmasına xidmət edir.

Xartiya Azərbaycan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığına xüsusi təsir göstərəcəkdir. Belə ki, sənəddə müdafiə sənayesi məhsullarının tədarükü, terrorizm və digər qlobal təhdidlərə qarşı birgə mübarizə, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması sahəsində əməkdaşlıq nəzərdə tutulur. Bu müddəalar Azərbaycanın regional təhlükəsizlik sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu gücləndirməklə yanaşı, beynəlxalq müdafiə və sülhməramlı təşəbbüslərdə fəal iştirak imkanlarını genişləndirir.

Xartiya eyni zamanda Azərbaycanın humanitar minatəmizləmə və təhlükəsizlik sahəsində texnoloji dəstək vasitəsilə milli və regional sabitliyə verdiyi töhfəni də təsdiqləyir.

Xartiyada regional bağlantılar və Orta Dəhliz layihələri ilə bağlı müddəalar da xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüslər Azərbaycanın qlobal nəqliyyat və ticarət şəbəkələrində strateji mövqeyini möhkəmləndirir. Bu təşəbbüslər multimodal logistikanın, enerji və tranzit infrastrukturunun inkişafına xidmət etməklə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz əlaqəni təmin edir və regionun beynəlxalq ticarət potensialını artırır. Eyni zamanda Xartiya iqtisadi investisiyaların və biznes mühitinin genişləndirilməsinə xüsusi diqqət ayıraraq dövlət və özəl sektorun birgə fəaliyyətini səfərbər edir, innovasiya və rəqəmsal infrastruktur sahələrinə yatırımları təşviq edir, Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirir və strateji iqtisadi imkanlarını gücləndirir. Beləliklə, səfər və Xartiyanın imzalanması Azərbaycanın mövcud diplomatik potensialını təsdiqləməklə yanaşı, gələcək strateji təşəbbüslərini beynəlxalq müstəvidə daha effektiv və dəyərli edir.

Milli Məclisin komitə sədri,

professor Hicran Hüseynova