ABŞ-ın anti-Azərbaycan siyasəti bumeranq effekti verə bilər ŞƏRH

Dünyanın müxtəlif coğrafiyalarında xalqlar arasında nifaq toxumu səpərək münaqişə ocaqları yaradan, milyonlarla insana fəlakətlər yaşadan ABŞ eyni ssenarini Cənubi Qafqaz regionunda da həyata keçirmək niyyətindədir. Bölgədə sülhün, sabitliyin və inkişafın bərqərar olması üçün çalışan Azərbaycanın 30 illik işğalı aradan qaldırması, erməni separatizminin kökünü kəsməsi okeanın o tayında narahatlıq yaratdı. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr də məhz bu narahatlığın təzahürüdür. Dinləmələrdə ABŞ rəsmiləri, konqresmenlər anti-Azərbaycan sevgilərini və ermənipərəstliklərini gizlədə bilmədilər. Etiraf etdilər ki, Azərbaycanın tarixi Zəfərini və Ermənistanın məğlubiyyətini qəbul edə bilməzlər. Çünki ortada xristianlıq təəssübkeşliyi, erməni lobbisinin maliyyəsi, tükofobiya, antiislam siyasəti vardır. ABŞ bununla öz siyasətində riyakarlığa, ikiüzlülüyə sadiqliyini də bir daha nümayiş etdirib. Azərbaycanın Qarabağ münaqişəsini arxivə gömdüyü bir zamanda ABŞ-ın ölmüş münaqişəni diriltməyə çalışmasının başqa adı yoxdur. Uzun müddət erməni lobbisinin pulu ilə ölkəmizə qarşı hədyanlar yağdırmış senator Bob Menendezin korrupsiya əməllərinin ifşası təsdiq edir ki, ABŞ-da anti-Azərbaycan kampaniyasını erməni lobbisi təşkil edir və bu kampaniyaya qoşulan siyasətçilər korrupsiyaya bulaşıblar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev söyləyib.

“Konqresdəki dinləmələrin təşkilatçısı olan qurumun Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin daha öncə Ermənistanın ABŞ-dakı səfiri Lilit Manuksla görüşməsi arqumentlərimizi gücləndirir. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, Türkiyə ilə dost, qardaş münasibətində olması, həmçinin Qərbin anti-Rusiya koalisiyasına qoşulmaması Vaşinqtonda qısqanclıqla qarşılanır. Ermənistan isə müharibədəki ağır məğlubiyyətindən sonra hər zaman ona atalıq qayğısı göstərmiş, hamilik etmiş Rusiyadan küsərək Qərbdəki böyük bacılarına sığınmaqdadır. Daha açıq desək, Paşinyan Ermənistanı piştaxtaya qoyaraq satışa çıxarıb və yeni alıcılar tapıb. Bu səbəbdən Qərb dövlətləri öz aləmlərində Azərbaycanı “cəzalandırmaqla” ermənilərin könüllərini oxşayırlar. ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin anti-Azərbaycan bəyanatları, konqresdə keçirilən dinləmələr, senatın 907-ci düzəlişin təxirə salınmasını iki illik qadağan etməsi də buna hesablanıb”, - deyə Cəbi Quliyev bildirib.

Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı olması, Ermənistanın təcavüzkar, işğalçı siyasətinin qərbliləri o qədər də maraqlandırmadığını vurğulayan Cəbi Quliyev əlavə edib: “Onlar məsələyə “terrorçu da olsalar, bizə yaxındırlar”, “haqlı da olsalar türkdürlər, müsəlmandırlar” prizmasından yanaşırlar. Vaşinqton anlamalıdır ki, artıq Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və olmayan bir qurumun gələcəyini müzakirəyə çıxarmaq absurddur.

Maraqlıdır ki, ərazilərimizin işğal altında qaldığı 30 ildə ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ işğala, etnik təmizləmələrə, milli-mədəni irsimizin məhv edilməsinə, sərvətlərimizin talanmasına göz yumub, Ermənistanı cəzalandırmayıb. BMT-nin məşhur 4 qətnaməsinin icrası ilə bağlı Ermənistana nəinki təzyiq edildi, əksinə Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etdi. ABŞ hər il humanitar yardım adı altında separatçılara milyonlarla dollar vəsait ayırır, bununla da separatçıları ayaqda saxlayırdılar. Tez-tez Vaşinqtona dəvət edilən, yüksək tribunalarda çıxış imkanı yaradılan erməni separatçılarının liderləri bu gün Bakıda istintaq təcridxanalarında mühakimə olunurlar, hökmlərini gözləyirlər.

Doğurdanmı, ABŞ-da hesab edirlər ki, “907-ci düzəliş”in müddətini uzatmaqla və digər addımları ilə Azərbaycan dövlətinin siyasi iradəsini dəyişə biləcəklər? Dövlətimiz ən çətin, gərgin situasiyalarda belə Ermənistana güzəştdə getməyib, geri addım atmayıb, təslimçi sülh sazişini imzalamayıb”.

Deputat deyib ki, torpaqlarımız işğal altında olanda heç bir yardım etməyən, əksinə, işğalçı ölkəni, eləcə də separatizmi dəstəkləyən ABŞ-dan heç bir dəstək gözləmirik. Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdiyi kimi, ABŞ-ın da bu “xidmət”inə “yox” deyə bilər. ABŞ anlamalıdır ki, Azərbaycanın iştirakı və dəstəyi olmadan Vaşinqton Cənubi Qafqazda və Mərkəzi Asiyada öz maraqlarını təmin edə bilməyəcək. Bu bölgədə Azərbaycan həlledici siyasi, iqtisadi və coğrafi mövqeyə malikdir.

“Yəqin ki, ABŞ-da vüsət alan anti-Azərbaycan kampaniyasına rəsmi Bakının adekvat cavabları olacaq. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilkin siyasi mövqeyini ortaya qoydu. Bəyan etdi ki, Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülhü və təhlükəsizliyi sarsıdır. XİN-in şərhində deyilir və əlavə olunur ki, ABŞ rəsmisi 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasına etinasız yanaşıb. Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.

Az qala, “xoşu gəlmədiyi” bütün dövlətləri sanksiyalarla hədələyən ABŞ sonda özü-özünə qadağalar tətbiq edəcək. Çin, Rusiya, İran, Türkiyə kimi ölkələrə sanksiyalar tətbiq edən Vaşinqton, yaxşı olardı ki, özünün dünyadakı şeytan əməllərini götür-qoy etsin. Özünə sual versin, mən bu vaxta qədər hansı ölkəyə xoşbəxtlik gətirmişəm? Vyetnama, Əfqanıstana, İraqa, yoxsa Liviyaya?

ABŞ onu da anlamalıdır ki, dünyada Azərbaycanı dəstəkləyən ölkələrin sayı kifayət qədərdir. Vaşinqtonun anti-Azərbaycan mövqeyi Türkiyədə, Pakistanda, türk dövlətlərində, müsəlman ölkələrində narazılıq yarada bilər. Bu isə ABŞ-a yaxşı heç nə vəd etmir”, - deyən Cəbi Quliyev fikirlərini yekunlaşdırıb.