Abşeron rayonunda "Məndə bir ulduzam" adlı tədbir

Abşeron rayonunda İstedadlı Əlillər İctimai Birliyinin təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuranın dəstəyi ilə Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Məndə bir ulduzam"adlı tədbir keçirilib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid ailələri, qazilər, fiziki məhdudiyyətli şəxslər, Qarabağ, Əfqanıstan müharibələri və Çernobıl əlilləri, həmçinin müvafiq ictimai təşkilatların və dövlət rəsmilərinin iştirak etdikləri tədbirdə çıxış edən İstedadlı Əlillər İB-nin sədri Qubad Qasımov ölkədə əlillərə və onların ailələrinə göstərilən dövlət qayğısından, əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması, o cümlədən fiziki məhdudiyyətli vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və göstərilən dövlət qayğısından danışıb, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib .

Abşeron RİH başçısının müavini Gülnar Rəhimova və Milli Məcilisin deputatı Aqil Məmmədov çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıqları ilə ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan söz açıb. Diqqətə çatdırılıb ki, Beynəlxalq Əlillər Gününün ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. 

Bildirilib ki, ölkəmiz 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub və bu Konvensiya ilə üzərinə düşən öhdəliklərini, o cümlədən əlilliyi olan şəxslərlə əlaqədar milli qanunvericiliyin tələblərini uğurla icra edir.

Çıxış edən dövlət rəsmiləri həmçin qeyd ediblər ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı qəbul olunmuş və bu kateqoriyaya aid insanların, o cümlədən Vətən müharibəsi qazilərinin reabilitasiyası, cəmiyyətə inteqrasiyası üçün davamlı kompleks tədbirlər həyata keçirilir.

 Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və düşünülmüş siyasəti sayəsində Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya sahəsində qazandığı qələbələrdən, o cümlədən ölkəmizin hər bir bölgəsində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə, əlillərə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıdan danışıb. 

Daha sonra respublikamızın tanınmış incəsənət xadimlərinin, eləcə də əlilliyi olan şəxslərin iştirakı ilə konsert proqramı və satış sərgisi təşkil olunub.