AHİK-in VI Məclisi keçirilib  

 

Sentyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VI Məclisi keçirilib.

Öncə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məclisin gündəliyinə “Azərbaycan Respublikasının Layiqli Əmək üzrə Ölkə Proqramı və həmkarlar ittifaqlarının rolu”, həmçinin təşkilati və cari məsələlər daxil edilib.

Gündəliyə çıxarılan məsələlərin geniş müzakirəsi aparılıb, qərarlar qəbul olunub.

Müvafiq qərarla Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Musa Mirzəyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev AHİK sədrinin müavinləri seçiliblər.

Məclisdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “Azərbaycan Respublikasının Layiqli Əmək üzrə Ölkə Proqramı və həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzəsi dinlənilib.

AHİK sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar əhalinin rifahının yaxşılaşdırılması üçün etibarlı təməl yaradıb: “Son beş ildə ölkəmizdə orta aylıq əməkhaqqı 1,7 dəfə artaraq 2018-ci ildəki 544,6 manatdan 2023-cü ilin birinci yarısında 921,9 manata, aylıq minimum əməkhaqqı isə 130 manatdan 345 manata yüksəlib, yəni 2,7 dəfə artıb. 2022-ci ildə əsas makroiqtisadi göstərici olan ÜDM əvvəlki illə müqayisədə 4,6 faiz çoxalıb. Həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının müdafiəsi bizim üçün hər zaman gündəmdə olan vacib məsələdir. Bağladığımız son Baş Kollektiv Sazişdə 2023-2025-ci illərdə layiqli iş yerlərinin yaradılması, layiqli əməkhaqqı, gənclərin məşğulluğu, gender bərabərliyinin təmin olunması və s. məsələlərə xüsusi diqqət yetirilib”.

“Biz Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlığa xüsusi diqqət yetiririk. Azərbaycan BƏT-nin 59 konvensiyasına qoşulub.  Hazırda BƏT və AHİK-in iştirakı ilə 2024-2028 illəri əhatə edən yeni Proqramın hazırlanması üzərində yekun işləri aparılır. AHİK həmçinin məşğulluq məsələlərinə xüsusilə diqqət yetirir. Özünəməşğulluğa kömək məqsədilə Məşğulluq Agentliyinə 2021-2023-ci illər ərzində 600  min manat vəsait köçürülüb. Nəticədə 2022-ci ildə 16 mindən çox işsiz özünəməşğul proqramlarına cəlb olunub. BƏT-nin dəstəyi ilə ölkəmizdə İqtisadi və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb. Komissiyanın fəaliyyəti nəticəsində əmək qanunvericiliyində dəyişikliklər edilib, hüquqi bazanın müvafiq beynəlxalq standart və normalara uyğunlaşdırılması sahəsində vacib addımlar atılıb”, - Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, “Azərbaycanın 2024-2028 ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” layihəsində AHİK-in çoxsaylı təkliflərinin əksəriyyəti nəzərə alınıb: “Həmin təkliflər BƏT-nin dəstəyi ilə keçirilən konfranslarda, seminarlarda müzakirə obyekti olub, beynəlxalq ekspertlər tərəfindən müsbət qarşılanıb. Ölkə Proqramını nəzərdən keçirərkən hesab edirik ki, layiqli əmək Azərbaycanın iqtisadi və sosial siyasətinin əsas məqsədlərindən biri olmalıdır. BƏT-nin mandatına və müqayisəli üstünlük sahələrinə uyğun sektorlarda mövcud vəziyyət nəzərə alınaraq, inklüziv artım üçün layiqli əmək imkanlarının və keyfiyyətli iş yerlərinin təşviqi, sosial müdafiənin və iş şəraitinin təkmilləşdirilməsi, əməyin idarə edilməsinin və sosial dialoq mexanizmlərinin gücləndirilməsi üçün müvafiq addımlar atılmalıdır”.

Konfederasiya sədri vurğulayıb ki, ölkə Proqramının layihəsində xəstəlik, analığın mühafizəsi və işsizlikdən sığorta ödənişlərinin BƏT-nin 102 saylı Konvensiyasının müddəalarına uyğunlaşdırılması üçün səylər vardır: “Hesab edirik ki, bu sahədə qeyri-formal məşğulluğun monitorinqi üzrə işlər davam etdirilməli, bu statusda işləyənlərin fəaliyyətinin leqallaşdırılması üçün stimullaşdırıcı mexanizmlər yaradılmalıdır. Proqram qəbul edildikdən sonra onun həyata keçirilməsində həmkarlar ittifaqlarının öhdəlikləri yaranacaq. Bizim əməkdaşlar işçilər arasında əmək hüquqlarına dair maarifləndirmə işlərinin aparmasına diqqət yetirməlidirlər. Kiçik və orta sahibkarlıq müəssisələrində və qeyri-formal iqtisadiyyatda məşğul olan həssas qruplarının, ilk növbədə isə qadınların, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi veteranlarının, gənclərin sosial müdafiəsinin təşkili məsələlərinə də xüsusi önəm verməlidirlər”.

Səttar Möhbalıyev əlavə edib ki, həmkarlar ittifaqları qarşılıqlı əlaqələrin gücləndirilməsinə üstünlük verilməli, kiçik və orta sahibkarlıq subyektlərində həmkarlar ittifaqlarının yaradılmasına diqqət artırılmalıdır: “Sosial dialoqun və kollektiv sazişlərin təşviqinə və hazırlanmasına, gender bərabərliyinin təmin olunmasına və ayrı-seçkiliyin qarşısının alınması sahəsində sosial partnyorlarla qarşılıqlı əməkdaşlıq da gücləndirilməlidir. BƏT-nin 204 saylı “Qeyri-rəsmi İqtisadiyyatdan Rəsmi İqtisadiyyata Keçid” tövsiyəsi təbliğ olunmalı və bu sahədə BƏT ilə əməkdaşlıq davam etdirilməlidir. AHİK “Azərbaycan Respublikasınınn 2024-2028-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın layihəsinin hazırlanmasında olduğu kimi, qəbul edildikdən sonra həyata keçirilməsində də fəal rol oynayacaq”.

Məclisdə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Dövlət İdarələri və İctimai  Xidmət İşçiləri Həmkarlar İttifaqı  Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev və digərləri mövzu üzrə çıxışlar ediblər.

Sonda AHİK sədri həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlərin dərindən araşdırılması, qaldırılan bütün problemlərin qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilməsi ilə bağlı bir sıra göstərişlər verib.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.