Hər bir millətin varlığını sübut edən amillərdən biri və bəlkə də ən vacibi onun dilidir. Hər bir xalqın dilində onun tarixi, milli-mənəvi dəyərləri yatır. Məhz buna görə də ana dili ilə mübarizə hər zaman olub və bu təhlükə ümumilikdə xalqın və millətin yer üzündən silinməsinə hesablanıb.
Azərbaycan dili də uzun və tarixi yol keçib və zaman-zaman bir sıra hücumlara, təzyiqlərə məruz qalıb. Bəli. Azərbaycan dilini sıradan çıxarmaqla ümumilikdə Azərbaycan xalqına və millətinə qarşı məqsədli siyasət yürüdülən bir zamanda ümumilli liderin üzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı öz milli kimliyini qoruya bildi. Nəticədə bu gün 1 avqust tarixində ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Tarixə nəzər salanda görürük ki, XX əsrdə Azərbaycanda üç dəfə əlifba dəyişdirilib: 1929-cu ildə ərəbdən latına, 1939-cu ildə latından kirilə, 90-cı illərdə yenidən kirildən latına. Azərbaycan xalqı kimi heç bir xalqın, heç bir millətin bir əsrdə üç dəfə əlifbası dəyişdirilməyib. Sovet dönəmində imperiya qüvvələri millətimizin bu yaddaş kodunu sındırmaqla, zəiflətməklə millətin dilinin, tarixinin, ədəbiyyatının, mədəniyyətinin, bir sözlə, milli-mənəvi xəzinələrinin üstünə qara pərdə çəkmək istəyirdi. Heydər Əliyev 1969-cu ildən Azərbaycana rəhbərlik etməyə başladığı vaxtlardan ana dilimizə və əlifbamıza böyük qayğı göstərmişdir. Rəhbərin şəxsi təşəbbüsü, qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddənin daxil edilməsi bunun ən bariz nümunəsidir. Ulu Öndərin ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışı zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilmiş və dövlət statusu alıb. Dil siyasətinin əsaslarını yaradan Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə istər siyasi-ictimai, istərsə də mədəni aspektdə Azərbaycan dilinin inkişafı üçün bir sıra islahatlar həyata keçirib. Ümummilli Liderin bu sıradan imzaladığı sənədlər arasında "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixıli fərmanı da xüsusi yer tutur. Bu tarixi fərmanda Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsinə, ana dilimizin öyrənilməsi və cəmiyyətdə işlənmə mexanizminin təkmilləşdirilməsinə, eləcə də bu sahədə həyata keçiriləcək tədbirlərə nəzarətin gücləndirilməsinə dövlət qayğısı genişliyi ilə öz əksini tapıb.
Ana dilimizin qorunması istiqamətində həyata keçirilən tədbirlər bu gün cənab Prezident İlham Əliyev tırəfindən davamlı şəkildə həyata keçirilir. Ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı bu sahənin inkişafı ilə bağlı mühüm sənədlər imzalayıb. Dövlət başçısı ana dilimizin qorunması ilə bağlı çıxışı zamanı bu fikirləri bildirib: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Sonda onu da bildirək ki, həyata keçirilən siyasət nəticəsində Azərbaycan dili zənginləşməklə yanaşı dilimizə qarşı yarana biləcək hər hansı təhlükədən ciddi şəkildə qorunur.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı