“ANAM – KƏLAĞAYDI, KƏLAĞAY – ANAM...” KİTABI NƏŞR OLUNUB

24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarasi Komitəsinin doqquzuncu sessiyasında  “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” YUNESKO-nun  Qeyri-maddi Mədəni İrs üzrə Reprezentaiv Siyahısına daxil edilmişdir. Bu əlamətdar  günlə əlaqədar olaraq hər il ölkəmizdə 26 noyabr “Azərbaycan Kəlağayısı Günü” kimi qeyd olunur.
 

2024-cü il bu əlamətdar hadisənin 10-cu ildönümüdür. Bununla əlaqədar olaraq Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə  “Anam - kəlağaydı, kəlağay - anam...” kitabı 500 tirajla nəşr olunmuşdur. Bu kitab İctimai Birliyin  dəstəyi ilə kəlağayıya həsr olunan və təbliğ edən dördüncü kitabdır. Bundan əvvəl milli baş örpəyimiz kəlağayının mədəniyyətimizdə, mənəviyyatımızda,  şərəfli tariximizdə, xalqımızın dünyagörüşündə, adət-ənənələrində önəmli yerindən bəhs edən “Azərbaycan kəlağayısı - min illərin yadigarı”, “Kəlağayı əlvan, qıyqacı”, “Anam kəlağaylı bir muqamıydı...” kitabları işıq üzü görüb.

“Anam - kəlağaydı, kəlağay - anam...” kitabının tərtibçisi və toplayanı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlı, redaktoru ədəbi tənqidçi, araşdırmaçı yazar Vaqif Osmanlı, məsləhətçilər Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi və Prezident Təqaüdçüsü Tərlan Musayeva, rəyçi  İctimai Birliyin sədr müavini Vüsal Sehranoğludur. Kitaba ön sözü Xalq şairi Nəriman Həsənzadə yazmışdır.
 

Kitabda ənənəyə sadiq qalaraq  klassik və çağdaş Azərbayan, həmçinin xarici dövlətlərdə yaşayan və fəaliyyət göstərən xalqımızın şair, yazıçı, elmi araşdırmaçı, publisist, aşıqlarının, Azərbaycanın tanınmış qadınlarının kəlağayıya həsr olunmuş şeirləri, hekayələri, elmi yazıları, düşüncələri çap olunmuşdur. İnanırıq ki, kitabdakı bədii, elmi nümunələr geniş oxucu marağına səbəb olacaq.
#mirvariddilbazipoeziyamıclisiictimaibirliyi