Anasızlığımı mənə bacım unutdurur... - Esse

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Uşaqlığımda bir rəvayət eşitmişdim: Bir gəlinin əri, qardaşı, oğlu oğurluq üstə tutulur. Şah üçünün də edam olunmasını hökm edir. Gəlinin iltiması şahı bir qədər yumşaldır.

- Mənim məmləkətimdə oğrulara aman yoxdu. Üçündən birini sənə bağışlayıram. Özün seç, o biri ikisi edam ediləcək.

Gəlin çıxılmaz vəziyyətdə qalır: hansını seçsin? Ərinimi, qardaşınımı, oğlunumu? İki addım qabağa çıxır:

- Şah sağ olsun. Ər eldən gəlir, oğul beldən gəlir, qardaşı hardan taparam? Qardaşımı mənə bağışla.

Gəlinin cavabı şaha xoş gəlir, üçünü də bağışlayır...

Bilmirəm, əyyami-qədimdə belə bir hadisə olubmu. Olmayıbsa da, çox düşündürücüdü. Qardaş sevgisini bundan yaxşı heç nə ilə anlatmaq mümkün deyil...

Cavanlığımda buna oxşar bir hadisə də eşitmişdim:

Ata-analarını itirmiş bacı-qardaş tələbəykən qardaş yorğan-döşəyə düşür. Qardaşı aylarla xəstəxanada müalicə olunur. Bacı dərslərə yox, hər gün qardaşının yanına, xəstəxanaya gedir. Xəstəxanadan çıxandan sonra işləyə-işləyə qardaşına qulluq edir. Bir qarın ac, bir qarın tox, illərlə iflic olmuş qardaşına qulluq edir. Qocalır. Ailə qurmur. Qardaşının son nəfəsi bacının ağarmış saçlarına düşür...

Bacılar qardaşı üçün canını da əsirgəməz...

Anam yadıma düşüb. Mənə elə gəlir ki, əlləri yenə saçlarımda gəzişir... İllərin insafı olmur. İnsafsız illər hamını körpəliyindən uzaqlaşdırır, sonra yeniyetməliyindən, sonra gəncliyindən. Körpəliyində bacısında ana qayğısı görən bəxtəvərlərdənəm.

Bacım körpəliyindən işə-gücə yarayan olub. Anam həmişə deyərmiş ki, qulluqdar olan qız uşağı böyüyəndə ailəcanlı olur. İmkanım olsa, onu hər gün görərdim. Əlini əlimdə isidərdim. Doymadan üzünə baxardım. Bu duruşla ikimiz də anamızı xatırlayardıq. Üzümə iki damcı göz yaşı düşərdi...

Bacım yadıma düşüb; qulluqdar, cəfakeş bacımın ana mehirli səsinə qəribsəmişəm...

Atamın işinə görə bizə şəhərdə mənzil vermişdilər. Şəhərdə yaşayırdıq.

Zəngilan şəhər 1 saylı orta məktəbin 1-ci sinif şagirdi idim. Müəllimimiz təcrübəsiz olduğuna görə yazı-oxuda çox çətinlik çəkirdik. Dördüncü sinif şagirdi olan bacım Səadət evdə dərslərimi hazırlamaqda hayançımıydı. Elə bilirdim məktəbdəyəm. Elə bilirdim ki, müəllimimiz bacım Səadətdi, dərsimiz evdə davam edirdi. Bacımın dediklərini maraqla dinləyirdim, öyrətdiklərini həvəslə öyrənirdim. Bir dəfə hesabdan (indi riyaziyyat fənnidir) bir məsələ vermişdi. Bir qədər düşünməli oldum. Həll etdim. Götürüb baxdı. O, baxınca az qala nəfəs dərmə-dim. Birdən Səadət məni bağrına basdı, üz-gözümdən öpdü. Müəllimin şagirdi öpdüyünü, bağrına basdığını ilk dəfə onda gördüm. Sonralar belə əzizlənməm dəfələrlə təkrar olundu.

Atam bizə deyirdi ki. qonşularımız tanınmış adamlardı. Onlardan ayıbdı, yaxşı oxuyun. Oktyabr ayında müəllimimiz dəyişdi. Səməd Qocayev yeni müəllimimiz təyin edildi. İlk günlər bu dəyişikliyə alışa bilmirdik. İlk müəllimimiz hamımızın yaddaşına yazılmışdı. Bilmirdik ki, beş-altı gündən sonra Səməd müəllimi sevəcəyik, çox sevəcəyik. Müəllimim olaraq Səadəti sevirdim. Səməd müəllimin gəlişindən sonra Səadətin məni evdə öyrətməsi xeyli azalmışdı...

Olduqca tələbkar və öyrətmək həvəsi coşub-daşan Səməd müəllimin gəlişi qısa zamanda hər şeyi dəyişdi. Ən əsası onun şagirdlərə diqqəti, əlavə məşğələlər keçməsi sinifin bütün şagirdlərini xeyli irəli apardı, öyrənmək həvəsimizi hiss olunacaq dərəcədə yüksəltdi. Biz bu dəyişikliyi başa düşə bilməzdik. Valideynlərimizin dediklərini eşidirdik: "Şükür, hər şey qaydasına düşdü..."

Hər şey yoluna düşsə də, savadlı, səbirli bacım "ev müəllimliyini" davam etdirirdi. Məktəbdə öyrəndiklərimi evdə bacım təkmilləşdirirdi. Məktəbdə müəllimlər bacıma "şagird-müəllim" deyirdilər. Bundan bacımdan çox mən qürurlanırdım.

Mən bacımın əlini əlinin üstünə qoyub dincəldiyini görmədim. Anama kömək edərdi. Ya su daşıyar, ya paltar yuyar, ya da evi silib-süpürərdi. Səadət orta məktəbi bitirənə kimi mənim bütün fənlər üzrə müəllimim oldu; hərdən ona müəllim deyə müraciət edəndə o qədər gözəl gülümsünürdü ki! Həmişə etiraf etmişəm, son nəfəsiməcən də etiraf edəcəm: bacım Səadət mənim müəllimim, idealım olub, həmişə ondan nümunə götürmüşəm.

Səadət bütün fənləri əla oxuyurdu. O dövrün yazılmamış qanunlarına uyğun olaraq sonuncu sinifdə, dördüncü rüb bitər-bitməz müxtəlif instansiyalardan xahiş etdilər ki, əvvəlki illərdə olan dedi-qodunun və yazışmanın qarşısının alınması uçün Səadətə fənlərin birindən "yaxşı" yazılsın ki, Maarif Nazirliyinə şikayətlər olmasın. Atam xahiş edənlərdən hansınınsa xətrini çox istədiyinə görə sözünü yerə sala bilmədi; Səadət orta məktəbi qızıl medalla bitirmədi...

Həkim olmaq istəyirdi bacım. Bu istəyini gerçəkləşdirməyə savadı çatardı, əgər o illərdə qəbul imtahanlarının mahiyyəti insafa söykənsəydi, "əmi-dayı nüfuz"u, "əmi-dayı nüfuzu"ndan da betər bütün qapıları asanlıqla açan maddi "açar" neçə-neçə istedadlı məzunun niyyətinin qasırğasına dönməzdi. Bu qasırğa Səadətin də arzularını xəzana döndərdi. Neçə on illər keçsə də, o günlərin sızıltısı sovuşmayıb...

Bacımı birinci il biologiyadan, ikinci il kimyadan kəsdilər (məhz kəsdilər, sübutum olmasa da, bəşəri ədalətə əsaslanıram, bir də bacıma bu fənlərdən dərs demiş müəllimlərin dərin təəssüfünə). Onda mənim təklifimlə sənədlərini tibb texnikumuna verdi. Və qəbul olundu. Biologiya müəllimi bir gün Səadətdən soruşur ki, sən bu biliklə tibb institutuna qəbul oluna bilərdin. Niyə tibb texnikumunda oxumağı qərara alıbsan? Səadət kövrəlir. Nəsə demək istəyir, deyə bilmir. Müəllim verdiyi sualın cavabını Səadətin sükutunda tapır. Təəssüflə savadını bəyəndiyi tələbəsinə baxır...

Təhsilə, oxumağa, öyrənməyə qədərsiz sevgisi olan bacım texnikumu fərqlənmə diplomu ilə bitirdi. Biologiya müəllimi bacımın təhsil uğuruna bəlkə də atam qədər, anam qədər sevinib. "İndi bir imtahan verib "əla" alarsan. Tibb institutunun tələbəsi olarsan. Kardeoloq ixtisasını seçərsən, qızım, məni ürək ağrılarından öz əllərinlə qurtararsan...", - deyib. Bu səmimiyyəti Səadət bu günəcən unutmur.

Təhsilini davam etdirmək, həkim olmaq istəyirdi. Ailə qurdu. Tibb institutunda oxuya bilmədi; dövrün qəddarlığı ucbatından həkim ola bilməsə də, insanlara münasibətiylə, insansevərliyiylə illərlə duyğulara şəfa, duyumlara bəşərilik aşıladı Səadət bacım...

Bəzən cəmiyyətin cinayət caynağı, haramlığa meyl, özgə varını özününküləşdirmək niyyəti halallıqla yaşayanların da taleyini qanadır. Ömrünün bir çağında bu "insafsız caynaqlar" bacımgilin də ailəsinə uzanıb. Quldurlar, cinayətkarlar mənzili səhv saldığına görə "gözçəkənlər" deyil, bacımgil ağrılarla, sıxıntılarla üzləşib. O yaralar sağalanacan Səadətin çəkdiyi iztirabları özü də sözlə ifadə edə bilməz. Ailənin ilki qızı Nüşabənin yoxluğunu son nəfəsəcən unuda bilməyəcək; övlad itirən ananın ürəyinə xal düşür...

2002-ci il oktyabr ayının 26-da səhər sübh tezdən bir qrup cinayətkar bacımgilin qapısını döyüblər, bir mərtəbə yuxarıda yaşayan qonşunu soruşublar. Qapı açılan kimi bacımı tutub saxlayıblar. Yuxudan oyanıb hay-küyə gələn qızı Nüşabəni güllə ilə yaralayıblar. Səsə həyat yoldaşı Qurban, oğlanları İlhamla Natiq gəlib. Cinayətkarlar başqa mənzilə gəldiklərini dərk ediblər, buna görə qorxutmaq üçün Qurbanı da, İlhamı da qolundan yaralayıblar. Qızı Nüşabə faciəli şəkildə dünyasını dəyişib. Tanrı rəhm eləyib, həyat yoldaşı və oğlu salamat qalıblar; bacımın ilk yardımı, güllə yarasının sarınma üsulunu bilməsi onların yaşamında vasitə olub. Nüşabəni isə yaşatmaq mümkün olmayıb...

Bu hadisədən iyirmi ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, bu yara bacımın ana qəlbinə əbədi yara vurub. Coşub-daşan sevincini kədərə çevirib, qara saçlarına vaxtsız dən salıb. Bu gün kədərdən və dərddən ağarmış saçları onu ahıllaşdırmaqdadı; saçlarına bir dəfə də olsun rəng vurmayıb. Nə qədər gizlətməyə çalışsa da, sifətinin cizgilərindən kədərini və qəm-qüssəsini bilmək olur. Bir bayatı deyir tək olanda:

Analar anar ağlar.
Yandıqca yanar, ağlar.
Dönər ağ göyərçinə,
Dərdinə qonar, ağlar...

Neçə illərdi bu bayatının qəm yükünü çəkir bacım...

45 ildir bacım tibb bacısı işləyir. Beş il kənd xəstəxanasında, qalan illərdə uşaq bağçası-körpələr evində fidan balaların sağlamlığı keşiyində layiqincə durub, onlara tükənməz sevgi və məhəbbətlə qulluq etməyi özünün vətəndaşlıq və mənəvi borcu bilib və indi də bilir.

Səadət balalarının da təhsil almasında "ev müəllimi" olub; işdən yorğun gələndə də uşaqlarının dərsi ilə maraqlanıb. Bilmədiklərini öyrədib; Tanrının lütfü kimi öyrətməyə böyük həvəsi olub bacımın, hərdən "öyrədə-öyrədə öyrənirəm" deyib. Dost-tanışın "Öyrənməkdən usanmadınmı, ay Səadət?" sorğusunu bənzərsiz təbəssümlə cavablandırıb.

Maraqlıdır ki, orta məktəbi 50 il əvvəl bitirən Səadət bu gün də riyaziyyat, fizika və kimya fənlərinin bütün çalışmalarını heç bir çətinlik çəkmədən həll edir. Onun iti yaddaşı, istedadı özünü oğlu İlhamın qızı, Səttar Bəhlulzadə adına Xarici dillər gimnaziyasında əla qiymətlərlə oxuyan Şəmsdə göstərir...

Səadət bu gün nəvələri Şəmsi, Əlini, Muradı, əkizləri - Dənizi və Duyğunu, sonbeşiyi Mərdi böyük məhəbbətlə sevir, onların sevincini, fərəhini, xoş ovqat yaradan körpə təbəssümünü bir dünya bilir. Bu dünya gələcəyə ümid açır, sevinc bəxş edir. Bu sevincin ən böyüyü və yaddaşında əbədi qalanı Zəngilanın işğaldan azad edilməsi olacaq. Bu Zəfər Səadətin illərlə həsrətində olduğu doğma kəndi Canbarı görmək arzusunu reallaşdıracaq. Onu uşaqlığına, ata-baba yurduna, atalı-analı dünyasına əsrarəngiz gözəlliyin möcüzəsinə qovuşduracaq. Zərrə qədər də olsa qəlbinin, könlünün nisgili yumşalacaq. Bu yumşalmadan təsəlli, təskinlik tapacaqdır...

Yaşımın bu çağında tez-tez özümdən soruşuram: Görəsən, ötüb keçən illərdə bacımın mənə etdikləri yaxşılığın, xeyirxahlığın əvəzini verə bilmişəmmi? Bacımı ana bilirəm bu yaşımda. Sabahlarıma boylanan gözlərim deyirəm, könül mülkümü qübarlanmağa qoymayan ruh deyirəm ona, hər duamın mübtədası Səadətdi. Mənə elə gəlir ki. anamın ruhunun səsini eşidəcəm: "Südüm halalın olsun, ay bala!"

Yeganə təskinliyi ömür-gün yoldaşı Qurbanın, oğulları İlhamın və Natiqin, gəlinləri Aynurə və Səmranın bacıma nəvazişlərində tapıram... Ən əsası övladlarının cəmiyyətdə layiqli yer tutmalarında, onların həyat yollarında inamla, büdrəmədən addımlamalarında müəllim missiyamı azacıq da olsa yerinə yetirməyim mənə təskinlik verir. Onu bilirəm ki, mənim etdiklərim və bundan sonra edəcəklərim bacımın mənə bacı olmasını, bacı nədi, hərdən ana olmasını, təxminən altmış il öncə mənə müəllimik etməsini heç vaxt əvəz edə bilməz.

Anasızlığımı mənə bacım unutdurur...

Bacımda ana qayğısı görürəm, əli çiynimə enəndə elə bilirəm anamla kəlmələşəcəm...