Aprel qələbəsi həmişə qürurla xatırlanacaq!..

Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibəyə görə beynəlxalq təşkilatlar ciddi nəticəyə nail ola bilmədilər. Bu sıradan BMT Təhlükəsizlik Şurası da nüfuzundan istifadə edə bilmədi. Bundan istifadə edən işğalçı dövlət Azərbaycanın işğal etdiyi ərazilərindən yeni ərazilər işğal etmək niyyəti ilə hücumlar edirdi. Bu hücumlar dəf olunurdu. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı birləşmələri yenə irimiqyaslı hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Dörd gün davam edən döyüşlərdə Azərbaycan Ordusunun hissələri Lələtəpə, Bayraqtəpə kimi yüksəkliklər də daxil olmaqla 2000 hektar ərazini işğaldan azad etdi, 1000 hektardan çox ərazi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bu qələbə Ermənistan siahlı qüvvələrinin şəxsi heyətinin döyüş əzmini nəzərəçarpacaq dərəcədə azaltdı, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş əzmini yüksəltdi. Bu yüksəliş Tovuz döyüşlərində, İkinci Qarabağ müharibəsində döyüş ruhunu kükrətdi. Bu kükrəyiş tarixi Zəfərlə tamamlandı...
2016-cı il Aprel döyüşləri – Aprel qələbəsi Vətən müharibəsinin başlanğıcı idi. Azərbaycan əsgəri 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bu qələbənin qüruru, bu qələbənin ruhu ilə döyüşdü, 2023-cü il sentyabrın 20-də  bu ruh Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi ilə nəticələndi...
Aprel döyüşləri müharibə tariximizdir. Bu tarix müharibə tariximizin bir mərhələsi kimi həmişə qürurla xatırlanacaq...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı