Aqiyə Naxçıvanlı: “Azərbaycan Prezidenti əcdadlarımızdan qalan ənənələrə sadiqliyini bir daha nümayiş etdirdi”

“Türkiyə-Azərbaycan birliyinin təkcə iki qardaş ölkə, hətta bölgə üçün deyil, ümumilikdə Avrasiya məkanı üçün əhəmiyyəti getdikcə artır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 7-də keçirilmiş seçkilərdə xalqımızın yenilməz iradəsinin ifadəsi olaraq yenidən bu ali vəzifəyə seçildikdən sonra ilk rəsmi səfərini də məhz qardaş Türkiyəyə etməsi bu birliyin sarsılmazlığının növbəti nümayişidir. Bu, möhtərəm dövlət başçımızın fevralın 19-da Ankarada mətbuata bəyanatla etdiyi çıxışında dediyi kimi, əcdadlarımızdan qalan bir ənənədir və Azərbaycan Prezidenti bu ənənəyə sadiqliyini bir daha nümayiş etdirdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən deputat bildirib ki, Prezident İlham Əliyev qardaş Türkiyənin 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycana verdiyi siyasi-mənəvi dəstəyi növbəti dəfə qeyd etməklə ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin önəmini bir daha diqqət mərkəzinə çəkmiş oldu: “Türkiyənin bu gün dünya miqyasında söz sahibi olması və beynəlxalq nüfuzunun getdikcə daha da artması danılmaz reallıqdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, hazırda dünyanın bir çox bölgələrində cərəyan edən qlobal əhəmiyyətli hadisələrin məhz hansı məcraya istiqamətlənəcəyi birbaşa Türkiyənin mövqeyindən də çox asılıdır. Əlbəttə ki, bu, Türk dünyasına mənsub olan hər bir insanı son dərəcə sevindirir və qürurlandırır. Azərbaycan isə, aydındır ki, Türkiyənin bu uğurlarına öz uğurları kimi sevinir. Möhtərəm dövlət başçımız öz çıxışında 2020-ci ildə Azərbaycanın apardığı Vətən müharibəsinin gedişində Türkiyənin ilk saatlardan sona qədər yanımızda olduğunu bir daha qeyd etdi və bildirdi ki, Türkiyə Prezidentinin qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və onları hərbi münaqişəyə müdaxilə etməkdən çəkindirdi. Əlbəttə ki, bu siyasi-mənəvi dəstək Azərbaycanın 30 il davam edən işğala öz gücünə cəmi 44 günə son qoymasında böyük rol oynadı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan əlaqələri onsuz da hər zaman qardaşlıq münasibətləri səviyyəsində olub. Lakin İkinci Qarabağ savaşından sonra bu əlaqələr yeni, daha yüksək zirvəyə qalxdı.”

Daha sonra A.Naxçıvanlı Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışaraq bunları deyib: “2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış və tarixə Şuşa Bəyannaməsi kimi düşmüş Müttəfiqlik münasibətləri haqqında bəyanat ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz və əbədi qardaşlığı bütün dünyaya bildirən bir mesaj olmuşdur. Bu tarixi sənədin imzalanması ilə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edən vacib amilə çevrildi. Bu gün Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir, davamlı regional sülhə yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev öz çıxışında bu məqama xüsusi toxunaraq bildirdi ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Cari ilin iyul ayında Təşkilatın Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü də bu birliyin daha da möhkəmlənməsinə və güclənməsinə xidmət edəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.