“Arxiv xidmətlərinin daha da operativ icrasının təmin olunması üçün...” - Elnur Allahverdiyev

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur”. 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Elnur Allahverdiyev bildirib.

O qeyd edib ki, qanun layihəsi qəbul edildiyi təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv ediləcək: “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.3.-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 31 iyul 2023-cü ildə “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında 251 №-li və “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə 252 №-li qərarlar qəbul edib.

Bundan sonra müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətlərini təsdiq olunmuş siyahı və xidmət haqları məbləği müqabilində göstərəcəkdir. Qanunda nəzərdə tutulan dəyişiklik arxiv xidmətlərinin daha da operativ icrasının təmin olunmasına yönəlib. Sizi təqdim olunan dəyişikliyə səs verməyə dəvət edirəm”.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda qəbul edilib.