Azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir

Otuz il düşmən işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. İşğaldan azad olunmuş ərazilərimizin quruculuğu, bərpası və orada yenidən məskunlaşma prosesi Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Prezident cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar çıxışında da qeyd edib ki, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik.

Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir. Böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda coşqunluq yaşanır, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaq, sakinlərin rahat yaşaması üçün burada əlverişli şərait yaradılacaq.

İşğaldan azad edilən ərazilərimiz kimi Zəngilan rayonunun kifayət qədər böyük iqtisadi potensialı var. Zəngilanın mövcud potensialı, məhsuldar torpaq sahələri kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. Rayonun coğrafi mövqeyi və təbii sərvətləri burada heyvandarlığın, biznesin inkişafına, məşğulluğun təmin olunmasına, bütövlükdə bölgənin dirçəlməsinə təkan verəcək.

Ölkə Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik.

Ramil Orucov
YAP Gəncə rayon təşkilatının sədri