“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq bir bayramdan daha böyük mənaya sahibdir. Bu gün həm tarixi yaddaş, həm milli özünüdərk, həm də müstəqil dövlətçilik təfəkkürünün möhkəmlənməsi üçün mühüm rəmzə çevrilib. Azərbaycan xalqı əsrlər boyu müxtəlif tarixi çətinliklərdən keçərək öz milli kimliyini qoruyub, parçalanmalara baxmayaraq bir millət ideyasını yaşadıb. Həmrəylik günü məhz bu ideyanın – bütöv Azərbaycan düşüncəsinin müasir mərhələdə yenidən dirçəlişidir. Hələ Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, dünyada milyonlarla azərbaycanlı yaşasa da, onların milli-mənəvi dayağı yalnız bir dövlətdir – müstəqil Azərbaycan. Bu fikir bu gün dünya azərbaycanlılarının özünüdərk xəttinin dəyişməz ideoloji təməlidir.”
Bu fikirləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Daha sonra millət vəkili keçmiş sovet imperiyasının süqutu dövründə Araz çayı sahillərində baş verən sərhəd yürüşlərinin xalqımızın birliyə olan təbii istəyinin canlı ifadəsi olduğunu qeyd edib: “Şimali və Cənubi Azərbaycan sakinlərinin sərhəd dirəklərini yıxaraq birləşmək çağırışı etməsi müasir həmrəylik gününün mənəvi köklərini formalaşdırdı. Bu hadisə göstərdi ki, milli birlik sadəcə siyasi şüar deyil, tarixdən gələn ictimai tələbdir. Həmrəylik Günü həmin tələbin dövlət səviyyəsində tanınması, ideoloji məzmununun qanuniləşməsi idi. Elə buna görə də 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi günü kimi təsis edilməsi qərarı yalnız bir bayram yaratmadı, həm də bütün dünya azərbaycanlılarını bir ideya ətrafında birləşdirməyin yeni mərhələsinə yol açdı. Bu tarixi təşəbbüsü ümummilli miqyasda inkişaf etdirən Ulu Öndər sonrakı illərdə diaspor quruculuğunu sistemli dövlət siyasətinə çevirdi. Xarici səfərlərində azərbaycanlılarla mütləq görüşməsi, onları təşkilatlanmağa çağırması, milli maraqların qorunmasına dair tövsiyələri diaspor hərəkatının ideoloji əsasını formalaşdırdı. Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam” sözləri isə dünya azərbaycanlılarının milli qürur koduna çevrilərək müstəqil dövlət ideyasının mənəvi dayağı oldu. 2003-cü ildən sonra bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda davam etdirildi. Dövlət başçısı hər bir xarici səfərində soydaşlarımızla görüşü prioritet sayır, onları narahat edən məsələləri birbaşa dinləyir, diaspor təşkilatlarının güclənməsi üçün yeni istiqamətlər müəyyənləşdirir. Fransa, Almaniya, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrdə Azərbaycan icmalarının formalaşması, sistemli fəaliyyətə keçməsi məhz bu siyasi iradə nəticəsində mümkün oldu. Nəticə etibarilə Azərbaycan diasporu artıq sadəcə mədəni identiklik daşıyıcısı deyil, ölkəmizin beynəlxalq informasiya mübarizəsində fəal iştirak edən, təsir gücü getdikcə artan subyektə çevrilib. Həmrəylik Gününün mühüm məzmun xətti həm də ondan ibarətdir ki, Azərbaycan artıq dünya azərbaycanlılarını birləşdirən qalib dövlətdir. 44 günlük Vətən müharibəsi zamanı dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın göstərdiyi fədakarlıq, anti-Azərbaycan təbliğatına qarşı sərgilədiyi mübarizə bir daha sübut etdi ki, milli birlik ideyası bu gün reallığa çevrilmişdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsi yalnız hərbi qələbə deyil, həm də xalqın bir yumruq kimi birləşməsinin rəmzidir. Diaspor təşkilatlarının bu dövrdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində gördüyü işlər həmrəylik anlayışının real siyasi gücə çevrildiyini göstərdi. Bu gün həmrəylik ideyasının davamlı inkişaf xəttini müəyyən edən mühüm addımlardan biri də 2022-ci ildə Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı oldu. Azad edilmiş Qarabağda dünya azərbaycanlılarının toplaşması təkcə tarixi hadisə deyil, həm də milli birliyin artıq siyasi, mənəvi və ərazi bütövlüyü kontekstində tam təcəssümüdür. Möhtərəm Prezidentimizin bu qurultayda səsləndirdiyi “bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq” fikri həm xaricdə yaşayan azərbaycanlılar, həm də ölkə ictimaiyyəti üçün yeni tarixi mərhələnin məramnaməsi oldu. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu gün müstəqil dövlətçiliyin dayanıqlığını gücləndirən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən, milli kimliyi nəsillər boyu ötürən mühüm bayramdır. Bu bayram Azərbaycan xalqının sarsılmaz iradəsinin, qlobal mühitdə öz sözünü deyə bilən qalib dövlətin simvoludur” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.