“Yeni inşa olunmuş “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ölkəmizin həyatında əlamətdar hadisə olmaqla yanaşı, uzunmüddətli strateji baxışın məntiqi nəticəsidir. Dörd il əvvəl bu layihənin təməli qoyularkən qarşıya qoyulan hədəflər bu gün real nəticə şəklində öz təsdiqini tapır. Bu fakt Azərbaycanın enerji siyasətində ardıcıllığın, planlı yanaşmanın və institusional davamlılığın mövcudluğunu aydın şəkildə göstərir. Layihənin uğurla başa çatdırılması dövlətlə beynəlxalq tərəfdaşlar arasında formalaşmış etibarlı əməkdaşlıq modelinin göstəricisidir. Dövlət başçısının xüsusi vurğuladığı kimi, bu uğurun arxasında minlərlə mütəxəssisin, mühəndisin və işçinin əməyi dayanır ki, bu da ölkədə böyükmiqyaslı infrastruktur layihələrinin yüksək peşəkarlıqla icra olunduğunu təsdiqləyir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, layihənin icrasında baş podratçı qismində iştirak edən “Power China” şirkətinin fəaliyyəti Azərbaycanın qlobal enerji bazarında artan cəlbediciliyini nümayiş etdirir: “Açılış mərasimində etdiyi çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, bu şirkətin Azərbaycandakı fəaliyyəti yalnız podratçı rolu ilə məhdudlaşmır, gələcəkdə investor kimi də yeni layihələrdə iştirakı nəzərdə tutulur. Bu yanaşma ölkəmizin beynəlxalq enerji şirkətləri üçün uzunmüddətli və etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Xarici investorların Azərbaycan bazarına artan marağı, sabit siyasi mühitin, şəffaf idarəetmənin və düşünülmüş enerji strategiyasının nəticəsidir. Bu kontekstdə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası təkcə enerji obyektindən ibarət deyil, eyni zamanda ölkənin iqtisadi diplomatiyasının uğurlu nümunəsi kimi çıxış edir. Cənab Prezidentin çıxışında xüsusi yer tutan məqamlardan biri də Azərbaycanın enerji siyasətində balanslı və paralel inkişaf modelinin tətbiqidir. Ənənəvi və bərpaolunan generasiya güclərinin eyni vaxtda inkişaf etdirilməsi ölkənin enerji təhlükəsizliyini maksimum səviyyədə təmin edir. Mingəçevirdə 2000 meqavatlıq ənənəvi stansiyanın, eləcə də 230 meqavatlıq Günəş və 240 meqavatlıq Külək Elektrik Stansiyalarının istismara verilməsi bu siyasətin real nəticələridir. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda inşa olunan Günəş və perspektivdə yaradılacaq su elektrik stansiyaları isə bu bölgələrin “yaşıl enerji zonası”na çevrilməsini şərtləndirir. Dövlət başçısının vurğuladığı kimi, artıq ölkənin bütün ərazisi vahid enerji şəbəkəsi ilə birləşdirilib ki, bu da enerji axınlarının çevik və səmərəli idarə olunmasına imkan verir. Beləliklə, Azərbaycan həm daxili tələbatı tam ödəyən, həm də regional enerji təhlükəsizliyinə töhfə verən güclü enerji dövlətinə çevrilməkdədir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.