“Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində əldə olunan mühüm razılaşmalardan sonra Çinin Tiencin şəhərində keçirilən sammitdə iştirak üçün gerçəkləşdirdiyi səfər dövlətimizin xarici siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Hər iki hadisə – beynəlxalq anlaşmalar və regional güclərlə əlaqələrin genişləndirilməsi Azərbaycanın strateji mövqeyini həm geosiyasi, həm də iqtisadi baxımdan gücləndirəcəkdir”.
Bu fikirləri YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, Tiencinə səfər çərçivəsində Azərbaycan-Çin münasibətləri yeni səviyyəyə yüksəlib: “Çin Prezidenti Si Cinpinlə görüşdə Azərbaycan üçün Ümumi Strateji Tərəfdaşlıq statusunun əhəmiyyəti bir daha vurğulanıb, eləcə də Azərbaycanın ŞƏT-ə tam üzvlüyünə namizədliyinə Çin tərəfindən açıq dəstək ifadə olunub. Bu diplomatik addım ölkəmizin Avrasiya regionunda çoxmərkəzli səviyyədə rolunun artmasına zəmin yaradır. Belə ki, iqtisadi əməkdaşlıq sahəsində çoxlu müqavilələr imzalanıb. İnfrastruktur, süni intellekt, maliyyə, media və enerji sahələrində yeni birgə layihələr üzrə razılıqlar əldə edilib. Xüsusilə Trans-Xəzər Nəqliyyat Marşrutunun təminatı və bərpaolunan enerji sahələrində irəliləyiş üçun geniş imkanlar yaranıb. Ticarət dinamikası da diqqət çəkir. Çin-Azərbaycan arasında qarşılıqlı ticarət həcmi 2024-cü ildə təqribən 20-21% artaraq 3,7 milyard dollar səviyyəsinə çıxıb. 2025-ci ilin ilk yarısında isə həmin göstəricidə 25-30% artım müşahidə olunub. Bu, Azərbaycanın Qərb-Şərq tranzit dəhlizində, xüsusilə Orta Dəhlizdə strateji tərəfdaş olaraq mövqeyinin möhkəmləndiyini göstərir”.
A.Hüseynov vurğulayıb ki, bu səfər çərçivəsində digər regional və qlobal aktorlarla da dialoq genişləndirilib: “Türkiyə Prezidenti Ərdoğanla enerji və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə edilib. Pakistan Baş nazirinin iştirakı ilə sənaye və mədəniyyət sahələrində əməkdaşlıq istiqamətləri daxil olmaqla qarşılıqlı siyasi dəstək ifadə olunub. Bundan əlavə, Azərbaycan-Ermənistan liderləri də təmasda olaraq, Vaşinqtonda atılan addımların regional sülhə töhfə verəcəyini təsdiqləyiblər. Geosiyasi dinamika və iqtisadi əməkdaşlıq paketinin Azərbaycanın xarici əlaqələrinə və regional vəziyyətə bir neçə müsbət təsiri olacaq. Ölkəmizin Avrasiya məkanında tranzit və enerji mərkəzi kimi nüfuzu artır”.
Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşması ilə Çin və Asiya bazarlarına çıxış daha möhkəm təmin ediləcək, eyni zamanda Orta Dəhliz layihələrinin təsiri güclənəcəkdir: “Prezident İlham Əliyevin Vaşinqtonda həyata keçirdiyi uğurlu diplomatik dönüş və Tiencinə səfəri Azərbaycanın dünya arenasında həm siyasi, həm iqtisadi, həm də strateji səviyyədə daha fəal, çoxsahəli və etibarlı tərəfdaşa çevrilməsinə zəmin hazırlayır”.