Azərbaycan–Çin münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsində

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələr son onilliklər ərzində dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanaraq möhkəmlənmişdir. İki ölkə arasında siyasi dialoqun dinamik inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və qlobal məsələlərdə yaxın mövqelərin nümayişi bu əməkdaşlığın dayanıqlığını göstərir. Bu baxımdan Prezident İlham Əliyevin 30 avqust 2025-ci il tarixində Çinə etdiyi işgüzar səfər münasibətlərimizin daha da dərinləşməsinə, çoxtərəfli əməkdaşlıq formatlarının genişlənməsinə və regional sülh təşəbbüslərinin beynəlxalq miqyasda dəstəklənməsinə xüsusi töhfə verir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və çoxtərəfli danışıqlar onun əhəmiyyətini artırmışdır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə müzakirələri, eləcə də aparıcı Çin şirkətlərinin rəhbərləri ilə görüşləri və “ŞƏT plyus” formatında iştirak etməsi səfərin çoxşaxəli xarakterini təsdiqləyir. Dövlətimizin başçısı qeyd etmişdir ki, bu səfər yalnız siyasi əlaqələrin möhkəmlənməsi deyil, eyni zamanda iqtisadiyyat, ticarət, nəqliyyat, enerji və humanitar sahələrdə yeni imkanların açılması baxımından da böyük əhəmiyyət daşıyır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın Orta Dəhliz üzərindən tranzit potensialının artırılması, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Limanı kimi layihələrin Çinin Avropaya çıxışında strateji rol oynaması xüsusi olaraq vurğulanmışdır. Bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlıq məsələləri də geniş müzakirə olunmuş, bir sıra razılıqlar əldə edilmişdir. Söhbətlər zamanı Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri də diqqət mərkəzində olmuşdur. Çin tərəfi 8 avqustda Vaşinqtonda imzalanmış Bəyannaməni dəstəklədiyini açıqlamış, bunun Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün mühüm zəmin yaratdığını bildirmişdir. Prezident İlham Əliyev isə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh siyasətini ardıcıl şəkildə davam etdirəcəyini, regionun əməkdaşlıq və tərəqqi məkanına çevrilməsi üçün bütün addımları atacağını bəyan etmişdir. Çinin təşəbbüsü ilə keçirilən “ŞƏT plyus” formatında iclasda isə təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizlərinin inkişafı və enerji təminatı mövzularında geniş fikir mübadiləsi aparılmışdır. Prezident İlham Əliyevin çıxışında Azərbaycan–Çin münasibətlərinin son illərdə yeni mərhələyə qədəm qoyduğu vurğulanmışdır: “Azərbaycan ilə Çin arasında dostluq və hərtərəfli strateji tərəfdaşlıq münasibətləri möhkəm bünövrəyə malikdir. Bizim əlaqələrimiz son iki ildə keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd, bu il isə Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə əldə olunmuş razılaşma münasibətlərimizin inkişafında dönüş nöqtəsi oldu”, – deyə dövlət başçısı qeyd etmişdir. Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev bu ilin aprelində “Sinxua” agentliyinə verdiyi müsahibədə də Azərbaycan–Çin əməkdaşlığının strateji xarakterini vurğulamış, iqtisadi, enerji və nəqliyyat sahələrində böyük potensialın mövcudluğunu bildirmişdir. Çin səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər həmin strateji baxışların ardıcıl şəkildə reallaşdırıldığını nümayiş etdirir. Beləliklə, Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da güclənməsinə, iqtisadi və innovativ əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə, eyni zamanda Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş sülh gündəliyinə beynəlxalq dəstəyin artmasına xidmət edir. Azərbaycan–Çin münasibətlərinin indiki mərhələsi yalnız ikitərəfli əlaqələr çərçivəsi ilə məhdudlaşmır, həm də qlobal miqyasda sülh, sabitlik və inkişaf naminə birgə fəaliyyətin nümunəsi kimi dəyərləndirilir.

Şahin Seyidzadə

Milli Məclisin deputatı